Accessibility links

ABŞ Xaşuqcinin qətli ilə əlaqədar 21 səudiyyəlinin vizasını ləğv edib


ABŞ Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda jurnalist Camal Xaşuqcinin qətlində əli olduğunu bildirərək, müəyyən etdiyi 21 nəfərin vizasını ləğv edib. Prezident Donald Tramp Konqreslə sıx əməkdaşlıq etmədən müdafiə sahəsində müqavilənin ləğv etmək kimi birtərəfli addımlar atmaq istəmədiyini bildirib.

Bəzi hüquq müdafiəçiləri rəsmi Ər-Riyad və vəliəhd şahzadə Məhəmməd bin Salmana qarşı sanksiyalar da daxil olmaqla cəza tədbirlərinin görülməsini tələb ediblər. Türkiyə bir il ABŞ-da yaşamış, Ər-Riyad siyasətinin tənqidçisi və Washington Post qəzetinin yazarı olmuş Camal Xaşuqcinin Səudiyyə Ərəbistanından gələn 15 nəfərlik qrupun üzvləri tərəfindən işgəncə verilərək öldürdüyünü və onun bədəninin parçalandığını bildirir.

ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, vizaların ləğv edilməsi son addım deyil.

Qlobal Məsələlər üzrə Çikaqo Şurasının üzvü Sesil Şea Amerikanın Səsinə müsahibədə ABŞ-ın mümkün cəza tədbirləri barədə danışıb. O bildirib ki, vəliəhdin qətlin sifarişçisi olduğu və ya Xaşuqcinin qətli əməliyyatından öncədən xəbəri olduğu aşkar olsa, bu, ona böyük zərər verə bilər. Sesil Şeanın sözlərinə görə, bəlkə də "alti ay sonra insanlar geriyə baxaraq deyəcəklər ki, bu, onun Səudiyyə Ərəbistanında hakimiyyətinin sonunun başlanğıcı olub".

XS
SM
MD
LG