Accessibility links

ABŞ humanitar böhranla üzləşən Hindistana tibbi yardım göndərib


Cümə günü Hindistana içərisində kritik təcili yardım ləvazimatları olan ABŞ-ın ilk tibbi yardım çatdırılıb. Hindistan pandemiyanın ikinci dalğasınının vurduğu zərbə nəticəsində humanitar böhranla üzləşir.

Ölənlərin sayının 200,000-dən yuxarı qalxması səhiyyə sistemi demək olar çökən Hindistanda insanları xilas etmək uğrunda mübarizə daha da çətinləşir.

ABŞ-ın "Super Galaxy" hərbi hava daşıyıcısı Yeni Dehliyə 400-dən çox oksigen balonu və digər xəstəxana avadanlıqları, eləcə də sürətli koronavirus testləri çatdırıb.

ABŞ rəsmiləri şirkətlər və fərdlər tərəfindən ianə edilən avadanlıqları da daşıyacaq xüsusi uçuşların gələn həftəyə qədər davam edəcəyini bildirir.

Prezident Co Bayden Hindistana koronavirusla mübarizədə dəstək verəcəyinə söz verib.

Böyük dünya qüvvələri Rusiya, İngiltərə, Fransa, Almaniya və Yaponiya eləcə də Tayland və Tayvan kimi kiçik ölkələr daxil olmaqla təxminən 40 ölkə də kritik oksigen, dərman çatışmazlığını aradan qaldırmaq üçün beynəlxalq yardım səyləri çərçivəsində tibbi ləvazimatlar göndərməyə söz verib.

Hindistanın əlaqələrinin gərgin olduğu Çin də yardım göndərməyi təklif edib.

Hindistan Xarici İşlər Naziri Harş Vardhan Şringla cümə axşamı deyib ki, "pandemiyanın görünməmiş ikinci bir dalğası ilə üzləşirik".

Adi vətəndaşlar üçün “daha öncə görünməmiş” bu vəziyyət yaxınlarını xilas etmək uğrunda ümidsiz müharibə aparmaq deməkdir. Sosial media xəstəlikdən əziyyət çəkən insanların oksigen istəyi, xəstəxana çarpayısı, reanimasiya bölmələri, dərmanlar və hətta ölüləri yandırmaq üçün odun üçün çağırışları ilə doludur.

Hazırda pandemiyanın ikinci dalğası paytaxtı iflic vəziyyətinə salıb, lakin bununla bərabər virus ölkənin digər bölgələrində də böyük fəsadlar törədir.

Hindistan ordusu xəstəxanalarda yaşanan sıxlıqdan sonra bir neçə hərbi xəstəxananı mülki vətəndaşlara xidmət verməsi üçün açıb və bir neçə şəhərdə tibbi müəssisələrin yaradılmasına kömək etməyə başlayıb.

Ən son məlumatlara əsasən, bir sutkada 386,452 yeni yoluxma halı qeydə alınıb. Səhiyyə Nazirliyinin məlumatına görə, bir gündə ölənlərin sayı isə 3,498-ə yüksəlib.

Hindistanda yoluxmaların sayı artıq bir həftədən uzun bir müddətdir ki, 300 mindən çoxdur.

XS
SM
MD
LG