Accessibility links

ABŞ-da işsizlik təzminatına müraciətlərin sayı nisbətən azalıb


Əmək Nazirliyinin bildirdiyinə görə, keçən həftə ABŞ-da işsizliyə görə təzminat üçün müraciət edənlərin sayı azalıb. Dünyanın koronavirus pandemiyasının ağır zərbə vurduğu ən böyük iqtisadiyyatı ayağa qalxmağa çalışır.

Hökumət keçən həftə 712000 işçinin təzminat üçün müraciət etdiyini, bu rəqəmin əvvəlki həftə ilə müqayisədə 42000 nəfər az olduğunu bildirib.

Bir çox ştatda müəssisələr hələ də məhdudiyyətlərlə bağlı qanunlara tabe olmaq məcburiyyətində qaldığı halda, bəzi ştatların qubernatorları maska taxma ilə bağlı qərarı ləğv edir və müəssisələrin tam açılmasına icazə verir.

Bundan əlavə, Prezident Co Bayden cümə günü 1.9 trilyon dollarlıq koronavirus yardım paketini imzalayacaq.

İndi hər gün təxminən 2,1 milyon amerikalıya virusa qarşı peyvənd vurulur. Co Bayden peyvənd istəyən hər bir yetkin amerikalının may ayının sonuna qədər heç olmasa bir doza peyvənd ala biləcəyini vəd edib. Artıq 95 milyondan çox amerikalıya mövcud üç peyvənddən birinin azı bir dozası vurulub və bu say artdıqca daha çox insan normal həyatına dönə biləcək.

Bütün bunlara baxmayaraq, bir çox ştat rəsmiləri COVID-19-un yayılmasının qarşısını almaq üçün dövlət və bələdiyyə işçilərinin iş saatlarını və ya xidmət edə biləcəkləri müştərilərin sayını məhdudlaşdırmaq barədə göstərişlər verməkdə davam edir.

Artıq aylardır ki, işsizlik təzminatı üçün müraciət edənlərin sayı həftədə 700 000-dən bir az çox olaraq qalır. 2021-ci ilin əvvəllərindəki isə bəzi həftələrdə isə bu rəqəm 800000 və 900000-dən yuxarı olub. Müqayisə üçün 2019-cu ildə pandemiyanın ABŞ-a yayılmasından əvvəl işsizlik təzminatı üçün müraciət edənlərin sayı həftədə təxminən 218000 nəfər olurdu.

XS
SM
MD
LG