Accessibility links

ABŞ İqlim Hesabatı: Lazımi addımlar atılmasa daha ağır faciələr olacaq


ABŞ hökumətinin hesabatı bildirir ki, güclü qasırğalar, quraqlıqlar və meşə yanğınları daxil olmaqla Birləşmiş Ştatlarda iqlim dəyişikliyinin təsirləri getdikcə daha ağır olacaq.

Bəzi nazirliklərinin və agentliklərinin birlikdə hazırladığı hesabat ABŞ prezidenti Donald Trampın ətraf mühitlə bağlı tez-tez səsləndirdiyi bəyanatlar və siyasətlə ziddiyyət təşkil edir.

Konqresin mandatı ilə hazırlanan hesabat bayram həftəsonundan öncə ictimailəşdirilib. Ağ Ev bu hesabatın qeyri-dəqiq olduğunu və ekstremal ssenari üzərində hazırlandığını bildirib.

1000 səhifədən ibarət olan Milli İqlim Qiymətləndirilməsi adlı hesabat, ən güclü və böyük hava fəlakətlərin ən azı bir qisminin qlobal istiləşmənin nəticəsi olduğunu qeyd edir. Əlavə edilir ki, ölkə ərazisində bu cür hava fəlakətləri getdikcə daha çox normal hal almağa başlayır və buna qarşı aqressiv tədbirlər görünmədiyi halda, vəziyyət daha pis ola bilər.

Hesabatda bildirilir ki, qarşısı alınmadığı halda iqlim dəyişikliyi əsrin sonuna qədər ABŞ iqtisadiyyatına yüz milyardlarla dollara qədər ziyan vuracaq.

Tramp administrasiya dövründə ilk dəfə nəşr edilən ABŞ hökumətinin Milli İqlim Qiymətləndirilməsi hesabatı ümumilikdə sayca dördüncüdür. Sonuncu hesabat 2014-cü ildə təqdim edilib.

Tramp administrasiyası sabiq prezident Barak Obamanın dövründə qüvvəyə minən bir çox nizamnamələri ləğv edərək, fosil yanacağının istehsalını təşviq edir.

Keçən il, Tramp Birləşmiş Ştatların 200 ölkənin imzaladığı 2015 Paris İqlim Sazişindən çıxarılması niyyətini elan edib. ABŞ prezidenti bu qərarı sazişin ölkə iqtisadiyyatına vurduğu ziyan və iqlimin dəyişikliyi ilə bağlı sübutların az sayda olması ilə izah edib.

Cümə günü təqdim edilən hesabatda digər tədqiqatlar da nümunə kimi istifadə edib. Həmin tədqiqatlar qlobal istiləşmə səbəblərinin 90 faizinin insanların fəaliyyəti ilə izah edir.

XS
SM
MD
LG