Accessibility links

ABŞ İraqda İranın dəstəklədiyi qruplaşmalara hava zərbələri endirib


ABŞ hərbi təyyarələri İraq səmalarından keçərək, 24 saat əvvəl Amerika və koalisiya qoşunlarına qarşı ölümcül hücum təşkil edən İranın dəstəklədiyi hərbi birləşmələrə məxsus bir sıra əraziyə zərbələr endirib.

Hava hücumları cümə axşamı və cümə günü Kətaib Hizbullahına məxsus beş silah anbarını hədəf alıb.

ABŞ hərbi qüvvələri Bağdadın şimalındakı İraq hərbi bazasına edilən raket hücumu nəticəsində ABŞ-ın iki xidmət üzvü və bir İngilis əsgərinin öldüyünü, 14 nəfər yaralandığını bildirir.

Pentaqonun yaydığı açıqlamada hava hücumunu "müdafiə, proporsional və təhdidə birbaşa cavab olaraq" xarakterizə edib. Həmçinin açıqlamada bildirilir ki, hədəf alınan silah anbarlarında Kamp Tajiyə edilən hücum vaxtı istifadə olunan Katyusha tipli raketlər saxlanılırmış.

Digər tərəfdən isə İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musavi cümə günü yaydığı bəyənatda bildirir ki, "təhlükəli hərəkətlər və əsassız ittihamların əvəzinə cənab Tramp bölgədəki qoşunlarının mövcudluğunu və davranışlarını yenidən nəzərdən keçirməlidir."

ABŞ-ın bu hücumu cəld olsa da, gözlənilməz deyildi. Belə ki, ABŞ-ın müdafiə və hərbi rəsmiləri cümə axşamı bildirmişdilər ki, ABŞ-ın hücumlara cavab verməsi sadəcə vaxt məsələsi idi.

Müdafiə naziri Mark Esper Pentaqonda jurnalistlərə bildirib ki, "ABŞ bizim insanlarımıza, müttəfiqlərimizə, eləcə də maraqlarımıza qarşı həyata keçirilən hücumlara dözümlülük göstərməyəcək. Siz bizim bazalarımıza atəş açaraq amerikalıları öldürməyə, eləcə də onları yaraladıqdan sonra uzağa qaça bilmərsiniz."

Esperin açıqlamasından əvvəl ABŞ-ın Yaxın Şərqdəki qüvvələrinin komandanı, general Kennet McKenzi millət vəkillərinə bildirib ki, ABŞ və ya müttəfiq qoşunların ölümü "qırmızı xətt"- dir.

XS
SM
MD
LG