Birləşmiş Ştatlar bildirir ki, dünya İranın nüvə hədələrinə təslim olmamalıdır. Tehran bazar ertəsi elan edib ki, iyunun 27-dək 2015-ci ildə beynəlxalq razılıq əsasında uran istehsalına tətbiq olunan 300 kiloqramlıq limiti keçəcəyini gözləyir. Tramp administrasiyası ötən il həmin razılıqdan geri çəkilib və İrana qarşı sərt sanksiyalar tətbiq edib. Bu isə İranın liderlərini qəzəbləndirib.
İran ötən ay xəbərdarlıq edib ki, Britaniya, Çin, Fransa, Almaniya və Rusiya onlara ABŞ-ın İran neftinə tətbiq etdiyi sanksiyalardan yan keçməyə yardım etmədiyi halda, İran 2015-ci ildə əldə olunan nüvə razılığında zənginləşdirilmiş uran və ağır suya tətbiq olunan məhdudiyətlərə əməl etməyəcək. Vaşinqtonla Tehran arasında gərginlik ötən həftə Oman Körfəzində iki neft tankerinə hücumdan sonra artıb. Birləşmiş Ştatlar hücuma görə İranı günahlandırır, Tehran isə bunu rədd edir.
Onlar nüvə proqramını inkişaf etdirməyə davam ediblər. Biz sanksiyaları yüngülləşdirdik, onlar bizim dənizçimizi girov götürdü. Biz bu rejimin davranışında dəyişiklik görmədik, son həftə isə daim Hörmüz boğazını bağlamaq hədəsi ilə qarşılaşmışıq.Morqan Ortaqus
“Bu, aparılan kəşfiyyat, istifadə olunan silahlar, əməliyyatı həyata keçirmək üçün lazım olan təcrübə səviyyəsi, İranın yaxınlarda karqo gəmilərinə bənzər hücumları və əlbəttə ki, ərazidəki heç bir vasitəçinin bu dərəcədə təcrübə ilə hərəkət etməyə ehtiyat və bacarığa malik olmaması ilə əlaqəlidir”-deyə, Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus bildirib.
Dövlət Departamentinin sözçüsü İranın bu açıqlamasını “nüvə şantajı”adlandırıb və beynəlxalq ictimaiyyəti buna boyun əyməməyə çağırıb. O, İranın son 40 ildəki davranışını tənqid edib.
“Onlar nüvə proqramını inkişaf etdirməyə davam ediblər. Biz sanksiyaları yüngülləşdirdik, onlar bizim dənizçimizi girov götürdü. Biz bu rejimin davranışında dəyişiklik görmədik, son həftə isə daim Hörmüz boğazını bağlamaq hədəsi ilə qarşılaşmışıq”, o deyib.
Dövlət katibi Mayk Pompeo deyib ki, Birləşmiş Ştatlar lazım olan bütün diplomatik və hərbi vasitələrdən istifadə edərək İranın nüvə silahı inkişaf etdirməsinin qarşısını alacaq. Lakin bəzi qanunvericilər administrasiyanı gərginliyin artmasına görə günahlandırır.
“Birləşmiş Ştatlar onları məhdudlaşdıracaq razılıqdan geri çəkildi. Biz razılıqdan geri çəkiləcək qədər axmaq olduğumuz üçün, nə isə söyləməyimiz çətindir”, vermontlu demokrat senator Patrik Leahi bildirib.
İsrail İran nüvə razılığını pozduğu təqdirdə Tehrana qarşı daha çox sanksiyaların tətbiq olunmasına çağırıb. Lakin Rusiya İranı müdafiə edərək, beynəlxalq müfəttişlərin bu yaxınlarda Tehranın beynəlxalq razılıqdakı öhdəliklərini tam şəkildə yerinə yetirdiyinə dair nəticə çıxardığını bildirib.
Britaniya, Almaniya və Fransa İrana 2015-ci ildə əldə olunan razılığı pozmamasına dair xəbərdarlıq edib.
“Gərginliyin artması İrana və ya beynəlxalq ictimaiyyətə yardım etməyəcək”. Biz tərəfdarlarımızla birlikdə İranı fikrindən yayındırmaq və dialoq aparmağın mümkün yollarını tapıb, bu şəraiti yaxşılaşdırmaq üçün əlimizdən gələni edəcəyik”, Fransa prezidenti Emmanuel Makron bildirib.
Pompeo çərşənbə axşamı ötən həftə iki tankerə hücuma cavab olaraq Yaxın Şərqə ABŞ qoşunlarının göndərilməsini müzakirə etmək üçün ABŞ ordusunun rəsmiləri ilə görüşür.