Accessibility links

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib


Tehran, İran. 7 fevral, 2019.
Tehran, İran. 7 fevral, 2019.

Tramp administrasiyası cümə günü İrana yeni sanksiyalar tətbiq edib. Eyni zamanda isə dövlət katibi Mayk Pompeo Livana səfəri zamanı İranın artan nüfuzunu qınayıb.

Maliyyə Nazirliyi bildirib ki, sanksiyalar 31 iranlı alimi, texniki mütəxəssisləri və İranın Müdafiə İnnovasiyası və Araşdırmaları Təşkilatı ilə əlaqəsi olan şirkətləri hədəf alıb. Rəsmilər deyib ki, hədəf alınanlar İranın müdafiə sektorunda işləməyə davam edir və onlar nüvə proqramının bərpasında iştirak edə biləcək mütəxəssislərdir. Sanksiyalar təşkilatın sədri də daxil olmaqla on dörd nəfər və 17 yardımçı əməliyyatı əhatə edir.

ABŞ-ın dövlət katibi Mayk Pompeo və Livanın prezidenti Mişel Aun. Baabda, Livan. 22 mart, 2019.
ABŞ-ın dövlət katibi Mayk Pompeo və Livanın prezidenti Mişel Aun. Baabda, Livan. 22 mart, 2019.

Sanksiyalar nəticəsində hədəf alınan insan və şirkətlərin ABŞ yurisdiksiyasındakı aktivləri dondurulacaq və amerikalıların onlarla tranzaksiya aparmaları qadağan olunacaq. Lakin rəsmilər deyir ki, bu addım həmçinin hədəf alınanları “beynəlxalq baxımdan da radioaktiv” edəcək, çünki onlarla iş aparan hər hansı millətdən şəxslər də ikinci dərəcəli sanksiyalar altında cəzalandırılacaq.

ABŞ-ın ikinci dərəcəli sanksiyaları xarici bizneslər və fərdi şəxslərə tətbiq olunur və bu sanksiyalar nəticəsində onlar cərimələnə, Amerika iqtisadiyyatında mövcudluqlarını itirə, aktivləri dondurula və onlara səyahat qadağaları tətbiq oluna bilər. Rəsmilər deyib ki, bu cür sanksiyalarla üzləşmək təhlükəsi hədəf alınanların İrandan kənara çıxmaq, tədqiqat konfranslarında iştirak etmək və ya başqa iş tapmaq imkanlarını məhdudlaşdıracaq.

"İranın nüvə silahlarının yayılması ilə əlaqəli proqramlarında işləyən insanlar, alimlər, satınalma mütəxəssisləri və texniki ekspertlər İranın nüvə proqramında işləməklə maliyyə və reputasiya riskləri ilə üzləşdiklərini bilməlidirlər" - Dövlət Departamenti bəyanatında bildirib.

Bu addım qeyri-adidir çünki sanksiyalar hədəf alınanların hazırda gördükləri işlərinə görə deyil, daha öncə nüvə silahlarının inkişafı sahəsindəki işlərinə və İranın nüvə proqramını bərpa etmək cəhdində iştirak etmək potensiallarına görə tətbiq olunub.

XS
SM
MD
LG