Accessibility links

ABŞ İrandan mümkün kiber hücumlar barədə xəbərdarlıq edir


ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi Amerikanın hava hücumu nəticəsində İranın yüksək səviyyəli komandiri Qasım Süleymaninin öldürülməsindən sonra İran tərəfindən mümkün kiber hücumlar barədə xəbərdarlıq edib.

“İran böyük kiber proqram həyata keçirir və Birləşmiş Ştatlara qarşı kiber hücumlar keçirə bilər” – deyə, nazirliyin şənbə günü açıqladığı sənəddə bildirilir.

Birləşmiş Ştatlar İranın elitar Qüds qüvvələrinin komandiri Qasım Süleymaninin yanvarın 3-də İraqda öldürülməsi ilə nəticələnmiş hücumdan sonra Tehran tərəfindən mümkün cavab addımlarının atıla biləcəyini gözləyir.

ABŞ İranın İslam İnqilabı Keşikçilərinin korpusunun xarici qolu olan Qüds qüvvələrini keçən il xarici terror təşkilatı adlandırıb.

“İran minimum ABŞ-ın mühüm infrastrukturunun işində müvəqqəti pozucu təsirlər yarada biləcək hücumlar həyata keçirə bilər. İran belə görünür, terror fəaliyyətlərini düşmən hesab etdiyi şəxslərə qarşı cavab ölçüsü hesab edir” – deyə, Daxili Təhlükəsizlik Nazirliyinin sənədində bildirilir.

Bir neçə saat sonra özünü İrandan hakerlər adlandıran qrup ABŞ-ın hökumət agentliyinin veb səhifəsinə müdaxilə edərək, Süleymaninin öldürülməsinə görə qisas almağa söz verib.

Depozitar federal kitabxana proqramının veb səhisəsi İranın Ali dini rəhbəri Ayətullah Əli Xameneyi və İran bayrağının şəkilləri yerləşdirilmiş “İranlı hakerlər!” adlı səhifə ilə əvəz edilib.

ABŞ hökuməti səhifənin haker hücumuna məruz qalması ilə bağlı dərhal açıqlama verməyib.

Qasım Süleymani yanvarın 3-də səhər saatlarında Bağdad aeroportunu tərk etdikdən sonra İranın dəstəklədiyi silahlı dəstələrin üzvlərinin müşayiəti ilə səfər etdiyi zaman ABŞ-ın hava hücumu nəticəsində öldürülüb.

Elitar Qüsa qüvvələrinin komandirinin öldürülməsindən sonra Vaşinqton və Tehran arasında təhdidlər müharibəsi davam edir.

ABŞ prezidenti Donald Tramp Tehran Qasım Süleymaninin öldürülməsinə cavab olaraq Amerika personalına, ya da Birləşmiş Ştatlara qarşı hücum etsə, İranın mədəniyyət obyektləri də daxil olmaqla, 52 obyektə “ağır” zərbələr endiriləcəyi ilə hədələyib.

İran hədələrə cavab olaraq ABŞ-ı beynəlxalq qanunu pozmaqda ittiham edib və Trampın mümkün hədəflərə mədəniyyət obyektlərini daxil etməsini tənqid edib.

Şərhlərə bax

XS
SM
MD
LG