Accessibility links

ABŞ insan haqlarının pozulması ilə əlaqədar İrana qarşı yeni sanksiyalar tətbiq edib


Tehranda Evin həbsxanası
Tehranda Evin həbsxanası

ABŞ-ın Maliyyə Nazirliyi insan haqlarının pozulması və İran vətəndaşları ilə pis rəftarla əlaqədar altı iranlı və Evin həbsxanası da daxil olmaqla, İranda mənzillənmiş üç quruma qarşı sanksiyalar tətbiq edib.

Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) mayın 30-da bildirib ki, Evinlə həbsxanası ilə yanaşı Ənsar-e Hizbullah təşkilatı və Hanista Programming Group şirkətinə qarşı​ sanksiyalar tətbiq edilib.

“Bugünkü addım İran rejiminin öz xalqına qarşı repressiyaları və söz, ifadə və sərbəst toplaşma azadlıqlarının boğulmasına qarşı yönəlib”, Maliyyə Nazirliyin bəyanatında deyilir.

OFAC qaydalarına uyğun olaraq, sanksiyaların tətbiq edildiyi ayrı-ayrı şəxslər və qurumların ABŞ və xarici maliyyə təsisatları ilə münasibətləri məhdudlaşdırılır.

Maliyyə Nazirliyi bundan əvvəl Tehran Həbsxanalar İdarəsi və Evin həbsxanası da daxil olmaqla "insan hüquqlarının ciddi şəkildə pozulması ilə əlaqədar" yksək səviyyəli rəsmiyə qarşı sanksiya tətbiq edib.

Nazirliyinin bəyanatında deyilir ki, "Evin həbsxanasında saxlanılan məhbuslar həbsxana rəhbərliyi tərəfindən cinsi təcavüz, fiziki hücumlar və elektrik cərəyanı ilə cəzalndırılma da daxil olmaqla qəddar rəftara məruz qalırlar".

Sanksiyaların hədəf aldığı azı üç nəfərin Ənsar-e Hizbullah və ya Allah tərəfdarları Partiyası kimi tanınan Hizbullah təşkilatına bağlı olduğu bildirilir.

Bəyanatda deyilir ki, "Ənsar-e Hizbullah İran vətəndaşlarına qarşı qəddar repressiyalarda iştirak edib, Bəsic qüvvələri ilə İran tələbələrinə bıçaq, gözyaşardıcı qaz və elektrik dəyənəklərlə hücum etmək üçün əməkdaşlıq edib".

ABŞ İsfahan şəhərində qadınların üzərinə "kimyəvi turşu hücumları"nı da bu təşkilatla bağlayır.

Maliyyə nazirliyi bu təşkilatın lideri Əbdülhəmid Möhtəşəmə qarşı da sanksiyaların tətbiq edildiyini bildirib.

Bəyanatda deyilir ki, Hanista Programing Group "İran hökuməti tərəfindən, ya da onun adından ciddi insan hüquqları pozuntularına yol verə biləcək ya da kompüter şəbəkələrinin işinin pozulması, monitorinqi və izlənməsinə imkan verən informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə görə məsuliyyət daşıyır".

Bu addım ABŞ prezidenti Donald Trumpın Birləşmiş Ştatların İranla 2015-ci il nüvə sazişindən çıxmasını elan etməsindən üç həftə sonraya təsadüf edir.

Maliyyə nazirliyi mayın 24-də sanksiya altında olan İran Hava Yolları şirkətinə ehtiyat hissələrinin və xidmətlərin alınmasında yardım göstərmiş doqquz nəfərə qarşı sanksiyaların irəli sürüldüyünü elan edib.

ABŞ Maliyyə Nazirliyi bundan iki gün əvvəl İslam İnqilab Keşikçiləri Korpusunun Qüds qüvvələri ilə bağlı olan İran rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG