Accessibility links

Keçən il pandemiya dövründə ABŞ-da intihar edənlərin sayı 6% azalıb


Hökumətin ilkin məlumatlarına görə, koronavirus pandemiyası fonunda ABŞ-da intihar edənlərin sayı keçən il təxminən 6% azalıb. Bu, azı son 40 ildə ən böyük illik göstəricidir.

Ölüm haqda vəsiqələr hələ də gəlir və say arta bilər. Lakin rəsmilər COVID-19-un daha çox intihara səbəb ola biləcəyi narahatlıqlarına baxmayaraq, ciddi azalmanın davam edəcəyini gözləyir.

İntihar hallarının azalmasına dəqiq nəyin səbəb olduğunu demək çətindir. Lakin bəzi ekspertlərin fikrincə bu, müharibələrin və milli fəlakətlərin başlanğıc mərhələlərində baş verən bir fenomen ola bilər.

"Hər fəlakət dövründə bir yerə toplandığımız, bir yerdə olduğumuz və bir-birimizə dəstək ifadə etdiyimiz bir qəhrəmanlıq mərhələsi vari. Bunu siz pandemiyanın ilk aylarında görə bildiniz" - deyə, Amerikanın İntiharların Qarşısının Alınması Fondunun baş həkimi Kristin Motye bildirir.

Onun sözlərinə görə, buna tele-müalicə xidmətlərinin və ölkədə intihar problemini həll etmək üçün göstərilən səylərin artması da səbəb ola bilər.

ABŞ-da intiharların sayı 2000-ci illərin əvvəllərindən 2018-ci ilə qədər davamlı olaraq yüksəlib və bu, 1941-ci ildən bəri ntihar hallarının ən yüksək səviyyəsi demək olub. Nəhayət 2019-cu ildə intihar halları bir qədər azalıb. Mütəxəssislər intiharın qarşısının alınmasında ruhi sağlamlıqla bağlı araşdırmaların və səylərin artdığını bildirib.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) son hesabatında keçən il intihar edənlərin sayının 45000-dən az olduğu deyilir. Bu, 2015-ci ildən bəri ABŞ-da ən aşağı göstəricidir.

Çoxları COVID-19 dövründə bu cür halların çoxala biləcəyindən narahat idi.

Pandemiya müəssisələrin bağlanmasına səbəb oldu. Milyonlarla insan, əksəriyyəti tək olmaqla, evdə qalmaq məcburiyyətində qaldı. Rəy sorğuları zamanı çox sayda amerikalı depressiya və narahatlıqdan şikayət etdi, narkotik maddələrdən və spirtli içkilərdən istifadə etdiyini bildirdi. Bütün bu narahatlıqlarla yanaşı, 2020-ci ilin mart ayında Amerikada odlu silah alışı 85% artdı.

Lakin Journal of the American Medical Association-də dərc olunan son hesabatın müəllifi CDC-dən Fəridə Əhməd keçən ilin yazında intihar hallarının dramatik şəkildə azaldığını bildirib.

İntihar Amerikada ölümə səbəb olan 10-cu amil idi və 2020-ci ildə 11-ci oldu. Buna səbəb isə əslində azı 345000 amerikalını öldürən və ölkənin 3 nömrəli qatili COVID-19 olub.

XS
SM
MD
LG