Accessibility links

ABŞ iranlı hakerlərə qarşı ittihamlar irəli sürüb


Birləşmiş Ştatlar hakerliyə və ziyanlı kompüter proqramından istifadəyə görə iki İran vətəndaşına qarşı rəsmi ittiham irəli sürüb. ABŞ rəsmiləri deyirlər ki, Zəmzəm kimi tanınan bu reket sxemi milyonlarla dollarlıq ziyan vurub.

Baş prokurorun müavini Rod Rozensteyn mətbuat konfransı zamanı onlara qarşı 6 maddə üzrə ittihamlar irəli sürüldüyünü deyib.

ABŞ Ədliyyə Nazirliyi bildirir ki, 34 yaşlı Fəramərz Şahi Səvəndi və 27 yaşlı Məhəmməd Mehdi Şah Mənsurinin 34 ay davam edən beynəlxalq haker və pulqoparma sxemi xəstəxanalar və hökumət idarələri də daxil edilməklə, 200-dən çox qurbanı təsirləndirib.

ABŞ Xəzinədarlığı noyarbrın 27-də bəyan edib ki, rəqəmsal reket pullarını İranın milli valyutasına çevirməkdə günahlandırılan daha iki İran vətəndaşına - Əli Xoraşadizadə və Məhəmməd Qurbaniyana qarşı sanksiyalar tətbiq edilib.

Xəzinədarlıq rəhbərinin Terrorçuluq və Maliyyə Kəşfiyyatı üzrə müavini Sigal Mandelker deyib ki, bu iki nəfər reket edilmiş pulları milli valyutaya mübadilə edərək qanunsuz sxemin iştirakçılarına milyonlarla dollar qazandırıblar.

Mandelkerin sözlərinə görə, İran getdikcə daha çox təcrid olunur və ABŞ dollarının kəskin qıtlığını hiss edir və belə bir vaxtda virtual və real valyuta mübadilələrinin, habelə başqa rəqəmsal xidmət göstərən şəxs və qurumların öz şəbəklələrini qanunsuz sxemlərdən qoruması həyati əhəmiyyət kəsb edir.

Ədliyyə Nazirliyi bunu da bildirir ki, Səvəndi və Mənsuri ABŞ-ın on ştatını və Kanadanı SamSam virusuna yoluxdurmaqda ittiham edilirlər.

Bu kompüter virusundan zərər çəkənlərin arasında Atlanta kimi böyük şəhərlər, Laboratory Corporation of American Holdings kimi böyük ictimai səhiyyə şirkətləri də var.

Hakimiyyət orqanlarının məlumatına görə, SamSam virusu ümumlikdə 30 milyon dollar itkiyə səbəb olub və hakerlərə 6 milyon dollaradək qazanc gətirib.

Nyu-Cersi prokuroru Qreq Karpenito deyib ki, sözügedən sxem ictimai təsisatları hədəfləməklə “kibercinayətin təhlükəli eskalasiyasiyası” olub.

İttihamnamədə deyilir ki, Səvəndi və Mənsuri SamSam proqramını 2015-ci ilin sonlarında yaradıblar. Bu iki şəxsin hazırda İranda olduqları düşünülür.

Bu ilin əvvəllərində Birləşmiş Ştatlarda Amerika, Avropa və Şərqi Asiyanın universitetlərinə haker hücumuna görə daha 9 iranlı və 1 İran şirkətinə qarşı ittiham irəli sürülmüşdü.

XS
SM
MD
LG