Accessibility links

İsrailin Baş naziri Naftali Bennett ABŞ Prezidenti ilə görüşəcək


İsrailin Baş naziri Naftali Bennett ABŞ Prezidenti Co Baydenlə İran, təhlükəsizlik məsələləri və koronavirus pandemiyası ilə bağlı danışıqlar aparmaq üçün cümə axşamı Ağ Evi ziyarət edəcək.

Bu görüş Bennett iyun ayında Baş nazir olduğu vaxtdan bəri iki liderin ilk şəxsi görüşü olacaq.

"Bu baş nazirin İsrailin təhlükəsizliyinə, özünümüdafiəsinə və müdafiə ehtiyaclarını dəstəkləməyə möhkəm sadiqliyini birbaşa prezidentin özündən eşitməsi üçün bir fürsətdir" - deyə, Bayden administrasiyasının yüksək səviyyəli rəsmisi görüşdən əvvəl jurnalistlərə bildirib.

Rəsmi ABŞ-ın Əfqanıstandakı hərbi mövcudluğunun yaxınlaşmaqda olan sonunun İsraillə münasibət də daxil olmaqla, digər prioritetlər üçün resurs və diqqəti artıracağını deyib.

Danışıqların əsas mövzusu İran, və İranın nüvə proqramı ilə, rəsminin dediyi kimi, "bölgədə sabitliyi pozan" fəaliyyətləri olacaq.

"İranın nüvə proqramı birdən-birə dəyişdi və hər həftə sürətlənir. Bu çox ciddi bir problemdir və düşünürəm ki, iki liderin birlikdə oturub bununla bağlı nə edəcəklərini müzakirə etmək imkanı olacaq" - deyə, ABŞ rəsmisi bildirib.

ABŞ və İran sanksiyaların ləğvi müqabilində İranın nüvə proqramını məhdudlaşdıran 2015-ci il müqaviləsinə yenidən qoşulmaqla bağlı bir neçə dəfə dolayı danışıqlar aparıb. Bu razılaşma İranın nüvə silahı istehsal etməyə çalışdığı ilə bağlı narahatlıqlar fonunda baş verib. İran isə bu iddianı rədd edib.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2018-ci ildə razılaşmadan çəkilməsindən sonra İran öhdəliklərindən uzaqlaşaraq, zənginləşdirilmiş uran ehtiyatlarını artırıb və daha yüksək saflığa qədər zənginləşdirib.

"Prezident Baydenə deyəcəyəm ki, iranlıları dayandırmağın vaxtı çatıb, onlara müddəti bitmiş nüvə razılığına yenidən daxil olmaq kimi bir imkan verməyin" - deyə, Bennett bazar günü bildirib.

XS
SM
MD
LG