Accessibility links

ABŞ-da etirazları işıqlandıran jurnalistlərin saxlanması narahatlıqla qarşılanır


Lincoln Journal Star-ın müxbiri Kris Danker mayın 31-də Nebraska ştatının Linkoln şəhərində keçirilən nümayişləri işıqlandırdığı üçün qısa müddətə həbs edilməsinin onun üçün "şok" olduğunu deyir.

Əynində "Press" yazılmış gödəkçə olmasına baxmayaraq, polis onu yerə yıxaraq əllərinə qandal vurub. Qısa müddətdən sonra sərbəst buraxılan jurnalist çəkilişə davam edib.

“Hüquq-mühafizə orqanlarının ifadə azadlığına dair konstitutsional hüququndan istifadə edən jurnalistləri hədəf aldıqlarını, onların xəbər işıqlandırmaq hüquqlarını pozduqlarını görmək həyəcanvericidir," Danker Amerikanın Səsinə deyir.

Kris Danker Minneapolisdə polis nəzarətində olarkən ölən 46 yaşlı afrikalı-amerikalı Corc Floydun ölümü ilə bağlı etirazları işıqlandırarkən həbs edilən bir neçə jurnalistdən biridir.

ABŞ-ın Mətbuat Azadlığı İzləyicisi polisin xəbər mediası işçilərini nəzarət altına alması ilə bağlı 50-dən çox oxşar hadisəni araşdırır.

İnsan haqları qrupları və media üzrə mütəxəssislər bu həbslərin ifadə azadlığına təminat verən konstitusiyanın Birinci Düzəlişinin pozulması anlamına gəldiyini və xarici ölkələrdən mətbuat azadlığının mayakı kimi tanınan ABŞ-ın reputasiyasına zərbə vurduğunu deyir.

Etirazları işıqlandıran jurnalistlər etirazçılar kimi eyni hüquqlara malikdir, deyə Mətbuat Azadlığı Naminə Reportyorların Komitəsinin hüquqşünası Sara Metyus bildirib.

Onun sözlərinə görə, Amerikada jurnalist ifadə azadlığı və mətbuat azadlığı prinsiplərinə əsasən qorunur.

"Bu, o deməkdir ki, fundametnal səviyyədə jurnalistlər polisin qanuni göstərişlərinə riayət etdikləri təqdirdə polis tərəfindən hücumlara, həmlələrə məruz qala bilməz," Metyus Amerikanın Səsinə deyib.

İyunun 5-də yaydıqları bəyantda ABŞ qubernatorları, merləri, polis rəisləri və Jurnalistləri Müdafiə Komitəsi (JMK) mətbuatın cəmiyyətdə oynadığı mühüm rolu vurğulayıblar.

"İşıqlandırmaya qarşı qoyulan hər hansı bir maneə sizin və sizin departamentlərinizin xidmət etməli olduğu ictimaiyyətin informasiya almaq hüququnu inkar edir," deyə bəyanartda deyilir.

Amerikanın Səsinin Direktoru Amanda Bennett JMK idarə heyətinin üzvüdür.

Komitənin müvəkkili Kortni Radş Amerikanın Səsinə bildirib ki, jurnalistlərlə rəftara dair onun təmsil etdiyi təşkilat yerli və ştat rəsmiləri ilə müntəzəm əlaqə saxlayacaq.

"Biz bununla bağlı polis departamentləri üçün böyük başağrı yaradacağıq. Onların jurnalistləri qorumaq, Konstitutsiyamızın əsası olan qanuna riayət etmək borcu var," Radş deyib.

XS
SM
MD
LG