ABŞ-ın Kapitoli polisinin bazar ertəsi bildirdiyinə görə, Vaşinqtondakı Demokrat Partiyasının Milli Komitəsinin qərargahı yaxınlığında həbs edilən Kaliforniya sakininin yük maşınında çox sayda bıçaq, süngü və böyük kəsici alət aşkar edilib.
Polis patrulları bazar günü gecə yarısı üzərində svastika və digər supermatist simvollar olan yük maşını gördüklərini, nömrə əvəzinə yük maşınının üzərində Amerika bayrağı şəklinin olduğunu bildirib.
Vaşinqtonda süngü və maçete bıçağı gəzdirmək qadağandır. Polis deyib ki, Kaliforniyanın Ouşensayd şəhərindən olan 44 yaşlı Donald Kreyqhed həbs olunarkən "patrulda olduğunu" deyib. Kreyqhed qadağan olunmuş silah saxlamaqda ittiham olunur.
Polis şübhəli ilə bağlı araşdırılmalara davam ediləcəyini bildirib.
Keçmiş prezident Donald Trampın yüzlərlə tərəfdarının yanvarın 6-dan, Kapitoli binasına basqın etməsindən sonra Demokrat partiyasının qərargahından o qədər də uzaq olmayan ABŞ Konqresinin yaxınlığında təhlükəsizlik tədbirləri yüksək olaraq qalır. Hadisə qanunvericilərin keçən ilin noyabr ayında Trampın Demokrat Co Baydenə uduzduğunu təsdiq etməsindən sonra baş verib.
Səkkiz ay əvvəl həbs edilən 600-dən çox qiyamçını dəstəkləyənlər qarşıdan gələn şənbə günü Vaşinqtonda "J6 üçün Ədalət" adlı mitinq planlaşdırır. Bir sıra ittihamlarla üzləşən təxminən 50 nəfər günahlarını etiraf edib, qalan işlərə isə hələ də baxılır. Bəzi şübhəlilər həbsdə saxlanır və məhkəmələrini gözləyir.