Accessibility links

Kapitoliyə hücumla əlaqədar 170-dən çox insana qarşı cinayət işi açılıb


ABŞ prokurorları keçən çərşənbə axşamı Kapitoli binasına edilən qəddarcasına hücumla əlaqədar 170-dən çox insana qarşı cinayət işi açıb və axtarışlar davam etdiyi üçün onların sayının yüzlərlə olacağı proqnozlaşdırılır.

ABŞ-ın Kolumbiya mahalında prokuror vəzifəsini icra edən Maykl Şervin jurnalistlərə deyib ki, Kolumbiya bölgəsində bu günə qədər 70-dən çox insan ittiham olunub və prokurorlar artıq azı 100 nəfərə qarşı da ittihamlar irəli sürüb.

"Bu rəqəmlərin yüzlərə çatacağını düşünürəm" - deyə, Şervin Kapitolinin polisi zabiti də daxil olmaqla, beş nəfərin ölümü ilə nəticələnən iğtişaşlarla bağlı brifinq zamanı bildirib.

Bu arada Senatın Demokrat lideri Çak Şumer deyib ki, prezident Donald Trampın ABŞ-ın Kapitoli binasına hücum edən tərəfdarlarının uçuşlarına qadağa qoyulmalıdır. O, onları milli təhlükəsizliyə təhdid adlandırıb və uçuşlara qadağa siyahısına əlavə edilməli olduqlarını deyib.

"Biz eyni qiyamçıların təyyarəyə minməsinə, daha çox zorakılıq və daha çox zərər vermələrinə icazə verə bilmərik" - deyə, Şumer bildirib.

Senata Nyu Yorkdan seçilən Demokrat Şumer partiyası nəzarəti ələ aldıqdan sonra Senatda əksəriyyətin lideri olmaq üzrədir.

Federal Təhqiqatlar Bürosu uçuşlara icazə verilməməsi fikrinin "aktiv olaraq" düşünüldüyünü bildirib.

Yanvarın 6-da Tramp tərəfdarlarının ABŞ-ın Kapitoli binasına ölümlə nəticələnən hücumu ilə bağlı federal araşdırma sürətlə irəliləyir.

XS
SM
MD
LG