Accessibility links

ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edir


ABŞ-ın Nümayəndələr Palatasının beynəlxalq əlaqələr üzrə komitəsinin sədri Eliot Engel və respublikaçı senator Maykl Makkol ABŞ Konqresinə 4 il əvvəl Rusiyanın müxalif siyasətçisi Boris Nemtsovun öldürülməsi ilə bağlı sanksiyalar bəyannaməsini müzakirəyə çıxarıb.

Bundan əlavə Nümayəndələr Palatasından iki konqresmen ABŞ kəşfiyyatını Rusiya Federasiyası prezidenti Vladimir Putinin və onun tərəfdaşlarının gəlirləri barədə məlumatı toplamağa çağırıb.

“Rusiya prezidenti bütün dünya üzrə demokratiyanı zəiflətməyə çalışır. Buna ən yaxşı cavab onun bu əməliyyatlarını maliyyələşdirən qanunsuz və məxfi maliyyə dövriyyəsinə qarşı ova başlamaqdır”, qanun layihəsinin ərizəsində yazılıb.

Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov ikinci qanunun “rusofob cəhdlər” olduğunu və Moskvanın buna istehza ilə yanaşdığını deyib.

“Son zamanlar ABŞ qanunvericilərinin daha çox Rusiyanın, dövlət başçısının və digər yüksək vəzifəli rəsmilərin problemləri ilə məşğul olmağa üstünlük verdiyinin şahidiyik. Düzünü desəm, öz problemləri azdır ki?”, Kreml nümayəndəsi deyib.

Nemtsovun qətlinin araşdırılması qətnaməsinin müəlliflərinin fikrincə, Rusiya höküməti cinayətin təfərrüatlarını gizlədir. Qətnaməni təklif edən konqresmenlər Ağ Evi siyasətçinin qətlinin beynəlxalq istintaqına çağırır və Nemtsovun qətli ilə əlaqəsi olan insanlara qarşı sanksiyaların tətbiqini təklif edirlər.

“Biz tam istintaqın keçirilməsi üçün mübarizəmizi davam etdirəcək, Tramp administrasiyasının qətl ilə əlaqəsi olan şəxslərə qarşı sanksiyaların tətbiqində təkid edəcəyik”, Eliot Engel deyib.

Bir qədər öncə ABŞ Konqresi Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsini dərc edib. Sənədin bəndlərindən biri Ağ Evi Nemtsovun qətli ilə bağlı hesabat hazırlamağa məcbur edir.

Rusiya prezidenti Vladimir Putinin ən kəskin tənqidçilərindən biri olmuş Nemtsov 2015-ci ildə Kreml yaxınlığında qətlə yetirilib. O zaman 55 yaşlı siyasətçi Rusiyanın Ukrayna münaqişəsindəki rolu haqda hesabat üzərində işləyirdi.

Məhkəmə cinayətin törədilməsində Çeçenistandan olan beş nəfəri günahkar tanıyaraq, onları 11 ildən 20 ilə qədər uzunmüddətli həbs cəzalarına məhkum edib.

Lakin Nemtsovun silahdaşları təhqiqatın davam etdirilməli olduğunda təkid edir. Onlar təhqiqatın gedişində cinayətin təşkilatçıları və sifarişçilərinin tapılmasına nail olunmadığını bildirir.

XS
SM
MD
LG