Accessibility links

ABŞ-da koronavirusdan ölənlərin sayı yarım milyona yaxınlaşır


Cons Hopkins Koronavirus Resurs Mərkəzi Amerika Birləşmiş Ştatlarında COVID-19-dan ölənlərin sayının yarım milyona yaxınlaşdığını və Amerikanın ölüm sayına görə dünyada birinci yerdə olduğunu bildirib.

ABŞ Prezidenti Co Bayden bazar ertəsi axşam Ağ Evdə virus səbəbindən həyatlarını itirənlər barədə danışacaq. Bundan sonra şamlar yandırılacaq və ölənlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq.

"On illərdən sonra insanlar bu qədər insanın tənəffüs yolu ilə keçən infeksiyadan ölməsinin bu ölkədə dəhşətli bir mərhələ olduğunu deyəcək" - deyə, ABŞ-ın yoluxucu xəstəliklər üzrə yüksək səviyyəli mütəxəssisi Entoni Fauçi bazar günü CNN kanalına müsahibəsində bildirib.

New York Times qəzeti bazar günü birinci səhifəsində ABŞ-da ölümcül virusa məğlub olan hər bir fərdi təmsil edən təxminən 500 000 nöqtə ilə qrafik yaradıb.

ABŞ COVID-19-a 28 milyondan çox yoluxma halı ilə dünyaya liderlik edir.

Doktor Entoni Fauçi deyib ki, amerikalılar 2022-ci ildə hələ də maska taxmaq məcburiyyətində qala bilər. Onun sözlərinə görə, COVID-19-un yayılmasının qarşısı daha çox insanın vaksinasiya olması ilə alına bilər.

“Vəziyyət düzəlməyə başlayanda və əhalinin böyük əksəriyyəti vaksinasiya olunduqda mən rahatlıqla `maskaları çıxarda bilərik` deyə bilərəm” - deyə, Fauçi bildirib.

Birləşmiş Ştatlarda ekstremal soyuq hava şəraiti və elektrik enerjisinin kəsilməsi keçən həftə 2 mindən çox vaksinasiya məntəqəsinin bağlanmasına səbəb olub. Hava şəraiti nəticəsində ABŞ-ın bütün 50 ştatına 6 milyon doz vaksinin çatdırılmasında ləngiləmələr baş verib. Bu, Bayden administrasiyasının vaksinlərin çatdırlmasını sürətləndirmək səyləri qarşısında maneə yaradıb.

Şərhlərə bax

XS
SM
MD
LG