Accessibility links

ABŞ-da koronavirusdan ölənlərin sayı 250 000-ni keçib


ABŞ-ın bir çox ştatında yeni yoluxma halları artdığına görə, ölkədə koronavirusdan ölənlərin sayı 250 000-i keçib.

Çərşənbə günü Nyu York şəhəri ölkənin ən böyük məktəb sistemini bağladığını elan edib. Şəhərdə ardıcıl yeddinci gündür COVID-19-a yoluxanların sayı 3%-dən yuxarı olduğu bildirilib.

“Dövlət məktəblərinin binaları hər ehtimala qarşı noyabrın 19-dan etibarən bağlanacaq. COVID-19-un ikinci dalğasına qarşı mübarizə aparmalıyıq” - deyə, Nyu York şəhərinin meri Bill de Blasio Twitter səhifəsində yazıb.

Nyu-York şəhərinin məktəbləri sentyabr ayının sonu oktyabr ayının əvvəllərində yeddi günlük yoluxma nisbəti 2%-dən aşağı olduğu vaxt açılmışdı.

Boston və Detroyt şəhərləri də daxil olmaqla, ölkənin digər böyük şəhərlərində də əyanı dərslərin dayandırılması üçün addımlar atılıb.

Pandemiya başladığından bəri ABŞ-da 11,5 milyondan çox təsdiqlənmiş yoluxma halı qeydə alınıb.

Keçən həftədən bəri hər gün orta hesabla 160 000 yeni yoluxma halı qeydə alınıb. Bu, bir ay əvvəllə müqayisədə ABŞ-da gündəlik yoluxma sayının təxminən üç qatına bərabərdir. Ölkədə hər gün 1100-dən çox insan ölür.

Səhiyyə işçiləri xəstəxanalara rekord sayda COVID-19 xəstələrinin yerləşdirildiyini bildirib.

Yoluxmaların sürətlə artması bir çox ştat liderlərini virusun yayılmasının qarşısını almaq üçün müəyyən məhdudiyyətləri yenidən tətbiq etməyə məcbur edib.

Minnesota ştatının qubernatoru Tim Valz çərşənbə günü bütün restoran, bar və idman salonlarının dörd həftə müddətinə bağlanacağını elan edib. Minnesotada oktyabr ayının ortalarında olduğundan dörd dəfə çox yeni yoluxma halları qeydə alınıb.

Rəsmilər milyonlarla amerikalının qarşıdan gələn Şükran bayramında ailə üzvləri ilə toplaşması və ölkənin digər bölgələrinə səfərə çıxmasından narahatdır.

Şərhlərə bax

XS
SM
MD
LG