Accessibility links

ABŞ koronavirus səbəbi ilə Amerika vətəndaşlarını Uhandan çıxarır


Birləşmiş Ştatlar bazar günü Amerika vətəndaşları və diplomatlarının Çində 56 nəfərin ölümünə səbəb olmuş koronavirus epidemiyasının mərkəzi olan Uhan şəhərindən çıxarır. Bu haqda Wall Street Journal qəzeti şənbə günü məlumat verib.

ABŞ Dövlət Departamenti şənbə günü bu məlumatı təsdiq edib. Departamentin Amerikanın Səsinə danışan nümayəndəsi bildirib ki, insanların şəhərdən çıxarılması qərarı ABŞ vətəndaşları, o cümlədən Birləşmiş Ştatların Uhandakı konsulluğunun əməkdaşlarının sağlamlığı və təhlükəsizliyi ilə bağlı narahatlıqlarla əlaqədar verilib.

Uhandan konsulluq əməkdaşlarının evakuasiya edilməsi ilə əlaqədar konsulluğun funksiyalarını ABŞ-ın Pekin, Çendu, Quançcou, Şanxay və Şenyandakı diplomatik missiyaları yerinə yetirəcək.

Vuhan şəhərində nəqliyyatın hərəkəti dayandırılıb, 26 yanvar, 2020.
Vuhan şəhərində nəqliyyatın hərəkəti dayandırılıb, 26 yanvar, 2020.

Çin prezidenti Şi Tsinpin koronavirus səbəbi ilə ölüm hallarının artdığına dair xəbərləri şərh edərək, Çinin “ağır bir vəziyyətlə” qarşılaşdığını deyib. Dünya boyu 1975-dən çox adamın koronavirusa yoluxduğu bildirilir.​

Çin rəsmiləri epidemiyanın yayılması ilə əlaqədar olaraq nəqliyyat daşınma qaydalarını sərtləşdirib. Çində Uber taksi xidmətinin analoqu olan “Didi Çusin” bazar günündən Pekindən şəhərlərarası səfərləri dayandıracağını elan edib. Pekin rəsmiləri vilayət mərkəzi daxilində avtobusların hərəkətinin dayandırılacağını bildirib.

Dövlət CCTV tele şirkəti Çinin turizm assosiasiyasına istinadən, Çinin daxilində və beynəlxalq istiqamətlərdə qrup halında turist səfərlərinin dayandırılacağı haqda məlumat verib. Qadağa bazar ertəsi günündən qüvvəyə minəcək.

Honq Konq aeroportunda koronavirus epidemiyası ilə əlaqədar maska taxan sərnişinlər, 26 yanvar, 2020.
Honq Konq aeroportunda koronavirus epidemiyası ilə əlaqədar maska taxan sərnişinlər, 26 yanvar, 2020.

Uhan rəsmiləri bazar günündən şəhərin mərkəzində şəxsi avtomobillərin hərəkətinin qadağan edildiyini elan edib. Bu, cümə axşamı günündən karantində olan şəhərin daha da iflic vəziyyətinə düşməsi deməkdir. Vuhan aeroportunda bütün reyslər təxirə salınıb, şəhərdən çıxışlar bağlanıb.

Uhan şəhərinin yerləşdiyi Hubey vilayətində nəqliyyatın hərəkəti demək olar tam dayandırılıb. Regionun 59 milyon əhalisi var.

Hazırda dünya boyu 2000-ə qədər koronavirus halı qeydə alınıb. Bunların çoxu Çindədir.

Honq Konq rəsmiləri koronavirus epidemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan ediblər. Xəstəliyə yoluxma halları ABŞ, Fransa, Yaponiya, Malayziya, Filippin, Cənubi Koreya, Tayvan, Tayland, Vyetnam, Səudiyyə Ərəbistanı, Nepal və Sinqapurda qeydə alınıb.

ABŞ-ın Starbucks kafelərinin hamısı Hubeydə Çin təqvimi ilə Yeni il bayramı günlərində bağlanıb. McDonald’s şirkəti də həftə boyu qeyd ediləcək bayram günləri Hubeyin beş böyük şəhərində restoranlarını bağladığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Prezident Baydenə COVID-19 diaqnozu qoyulub
please wait

No media source currently available

0:00 0:14:14 0:00
XS
SM
MD
LG