ABŞ USAID vasitəsilə Azərbaycan hökumətinin COVID-19 pandemiyası ilə mübarizə səylərinə dəstək məqsədilə əlavə 1 milyon ABŞ dolları miqdarında vəsait ayırıb.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Şamaxıda üç səyyar klinikanın təhvil verilməsində iştirak etdiyi zaman bildirib.
O bildirib ki, əlavə vəsait Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına (BQXQAC) verilib.
Səfir qeyd edib ki, ABŞ çətin dövrlə üzləşdiyi zamanda Azərbaycana davamlı dəstək göstərməyə sadiq qalır:
“Yalnız əl-ələ çalışmaqla biz COVID-19-a qalib gələ bilərik” .
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.
Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.
İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.
İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilir.