Ağ Ev rəsmiləri cümə axşamı ABŞ səlahiyyətlilərinin hələ də Əfqanıstanda olan 100-ə yaxın amerikalını təxliyə etməyə çalışdığı üçün ABŞ-ın Əfqanıstanın Taliban rəhbərləri ilə əlaqəsinin qeyri-müəyyən bir yeni mərhələyə qədəm qoyduğunu deyib.
Bu arada isə Taliban rəsmiləri yeni hökumətin Çin və digər dövlətlərlə əlaqələrini gücləndirdiyinə işarə ediblər.
Ağ Evin mətbuat katibi Cen Psaki ABŞ-ın artıq Əfqanıstan üzərindəki hava hövzəsinə nəzarət etmədiyini deyib. O, indiyə qədər, administrasiya rəsmilərinin tarixdəki ən genişmiqyaslı hava yolu ilə təxliyə olaraq təsvir etdiyi evakuasiya nəticəsində ölkədən çıxarılan 120 mindən çox adamdan 31,107 nəfərin ABŞ-a gətirildiyini açıqlayıb.
Bundan başqa, cümə axşamı Taliban sözçüsü Twitter üzərindən yüksək səviyyəli bir Taliban rəsmisinin Çinin bir yüksək vəzifəli rəsmisi ilə danışdığını qeyd edib.
"Çin Xarici İşlər Nazirinin müavini, Kabildəki səfirliklərinin fəaliyyətini davam etdirəcəklərini və əlaqələrimizin keçmişə nisbətən daha da möhkəmlənəcəyini bildirib" deyə qruplaşmanın ingilis dilli sözçüsü Suhail Şahin açıqlayıb.
France-Presse agentliyi xəbər verir ki, Pekindən dərhal heç bir təsdiq gəlməyib.
Digər Taliban rəsmiləri Twitterdə Britaniya və Almaniya ilə diplomatik görüşlər keçirdiklərini bildiriblər. Qətər və Türkiyə də yeni Əfqanıstan hökumətinə Kabildə əsas hava limanını qurmağa kömək edirdi.
Psaki ABŞ-ın hələlik yeni, seçilməmiş hökumətlə əlaqələr qurmağa tələsmədiyini deyib. O, ABŞ-ın qlobal bazarlara çıxış və maliyyə yardımı vasitəsilə yeni hökumət üzərində qeyri-hərbi təsir gücünü qoruduğunu vurğulayıb.
Dövlət Departamentinin sözçüsü Ned Prays diplomatik korpusun da yeni hökumətə kömək etməkdə ehtiyatlı hərəkət edəcəyini deyib.