ABŞ-ın müdafiə naziri vəzifəsini müvəqqəti icra edən Pat Şanahan bazar ertəsi Əfqanıstana səfər edib və orada əfqan liderləri və ABŞ komandirləri ilə görüşüb. Səfər vasitəçilərin sülh razılığı əldə etməyə çalışdığı vaxta təsadüf edib.
Səfər çərçivəsində Şanahan Kabil yaxınlığında ABŞ-ın xüsusi qüvvələrinin əfqan həmkarlarına təlim keçdiyi bazaya da baş çəkib.
Şanahan onunla birlikdə səfər edən müxbirlərə deyib ki, o, Əfqanıstan rəsmilərinə ölkələrində baş verən məsələlərlə bağlı danışıqlarda onların iştirakının mühümlüyünü vurğulamaq istəyir.
Əfqanıstan prezidenti Əşrəf Qaninin höküməti ABŞ nümayəndəsi Zalmay Xəlilzadla Taliban arasında davam edən danışıqlarda iştirak etmir.
Xəlilzad ötən həftə Əfqanıstanda iyul ayında keçiriləcək prezident seçkilərindən öncə sülh razılığının əldə olunacağına inandığını deyib. O və komandasının fevralın 25-də əlavə müzakirələr üçün Talibanla yenidən Qətərdə görüşəcəyi gözlənilir.
Şanahan deyib ki, Pentaqon “bu müzakirələrlə bağlı dialoqu asanlaşdırmaqda mühüm rol oynayır” və dövlət katibi Mayk Pompeo və milli təhlükəsizlik müşaviri Con Boltonla yaxından koordinasiya edir.