Yeni koronavirusun yayılmasının qarşısını almaq məqsədilə bu həftə ABŞ-da minlərlə məktəbi bağlanıb. Lakin bu addım övladlarının məktəblərdə pulsuz yeməyindən arxayın olan və evdə təhsil üçün lazımi texnologiyalara malik olmayan ailələr üçün yeni problemlər yaradır.
Yeni koronavirusun yayılmasının qarşısını almaq üçün ABŞ-da məktəblər bağlanıb, minlərlə şagird evdə qalmalı olub.
Digər ştatlarda olduğu kimi Merilend ştatının Montqomeri dairəsindəki bəzi ailələr ümidlərini uşaqları üçün məktəbdən verilən pulsuz yeməklərə bağlayıb. Digərlərinin uşaqlarının ev tapşırıqlarını İnternet vasitəsilə yerinə yetirmələri üçün lazımi texnologiyaları yoxdur.
Buna görə də Montqomeri İctimai Məktəblər İdarəsi çap olunmuş materialları həmin şagirdlərə çatdırır. “Bütün materiallar hazırdır və nüsxələrini də hazırlamışıq. İbtidai sinif şagirdlərinin çoxu və altıncı sinif şagirdlərinin əksəriyyəti materialları alıb. Lakin biz başa düşürük ki, hələ almayanlar da var" deyə, Montqomeri İctimai Məktəblər İdarəsindən Mariya Navarro bildirir.
Təhsil müəssisələrinin əksəriyyəti aztəminatlı ailələrə səhər və nahar yeməkləri təklif edir. Koronavirusun yayılması səbəbi ilə bağlandıqda, məktəb sistemi yalnız nahar təklif edirdi, lakin sonradan üç dəfəlik yeməyi əlavə edib.
Bu günə qədər 18 mindən çox yemək paylanıb. Kafeteriya meneceri Patrisia Saqoi “Onlar yeməklərin miqdarını artırırlar. Əksəriyyəti ispan icmasına xidmət edir. Çoxlarının nəqliyyat vasitələri yoxdur. Lazım gəldikdə biz onları maşınla aparırıq."
Sandra Martínezin iki uşağı var - 13 yaşlı oğlu və 5 yaşlı bir qızı. "Ev tapşırıqlarını və yeməkləri götürməyə ilk dəfədir gəlirəm. Məktəb həmişə yemək verir."
Montqomeri İctimai Məktəblər İdarəsi əlaqələr şöbəsinin müdiri Melissa Rivyera ən vacib məsələnin ailələrin təhlükəsizliyi və rifahı olduğunu, eləcə də məktəb qaydalarının mümkün qədər saxlanmalı olduğunu deyir. "Eynilə məktəb cədvəli üzrə işləməyə çalışın. Oxumaq, ev tapşırıqlarını yerinə yetirmək, bəzi əyləncələr, hətta fiziki aktivlik üçün cədvəl qurmağa çalışın."
Ölkənin bəzi ictimai məktəbləri yalnız yaxın iki həftə ərzində bağlanmağı planlaşdırırsa, digərləri qapılarını tədris ilinin sonuna qədər bağlayır.