Accessibility links

ABŞ generalı: ABŞ-la İran “fürsət dövrü”nə qədəm qoyur


Bayden administrasiyası dövründə ABŞ-la İran arasındakı münasibətlərin necə formalaşacağı hələ məlum deyil, lakin Amerika generalının sözlərinə görə, bu iki düşmən “fürsət dövrünə qədəm qoyub”.

ABŞ Mərkəzi Komandanlığının başçısı, general Frank Makkenzi bu sözləri Yaxın Şərqə gedərkən yolda jurnalistlərə deyib.

Bəzi təhlilçilər İranın və ya bölgədəki tərəfdarlarının Tramp administrasiyasının son həftələr Tehrana qarşı sərt mövqeyinə, xüsusilə də İran İnqilab Keşikçilərinin generalı Qasım Süleymaninin öldürülməsinə görə Vaşinqtona qarşı hiddətli davrana biləcəyini təxmin etmişdi.

"Onlar indi böyük müharibə yaratmağın vaxtının olmadığını deyə bildilər. Bunların hamısı, çox ehtimal ki, hərblə bağlı deyil. Əminəm ki, İranda yeni rəhbərlik və işlərin dəyişib-dəyişməyəcəyini görmək üçün siyasi bir hesablama var” - deyə, Makkenzi bildirib.

İran rejiminin necə işlədiyini dərindən bilən bir amerikalı Amerikanın Səsinin Fars şöbəsinə deyib ki, İran hökuməti həbsdə olan bütün amerikalıları geri qaytarmayana qədər Bayden administrasiyası mövqeyini yumşaltmamalıdır.

"Bildiyim qədər İranda həbsdə azı dörd amerikalı var və onlar İrana tətbiq olunan sanksiyaların yumşaldılmasından əvvəl evlərinə qaytarılmalıdır" - deyə, 2016-2019-cu illərdə İranda casusluq ittihamı ilə həbsdə olan Çin mənşəli amerikalı tələbə Siyu Vanq bildirib.

Vanq məhbus mübadiləsi ilə sərbəst buraxılıb. Amerikanın Səsinin Fars şöbəsinə müsahibəsində Vanq Baydenin Tramp administrasiyasının maksimum təzyiq siyasətindən istifadə etməli olduğunu düşündüyünü deyib.


XS
SM
MD
LG