Accessibility links

2021-ci ildə ABŞ-da etirazları işıqlandıran 57 jurnalist həbs edilib


2021-ci ildə ABŞ-da azı 57 jurnalist həbs edilib və demək olar ki, bütün bu hallar medianın etirazları işıqlandırdığı iki şəhərdə baş verib.

Həbs edilənlərin sayı 2020-ci ildə qeydə alınan 142 media işçisinin həbsindən az olsa da, mediaya qarşı pozuntuları sənədləşdirən ABŞ Mətbuat Azadlığı İzləyicisi bunun davam edən bir problem olduğunu deyir.

“Biz mətbuat azadlığının pozulduğu əlamətdar bir ildən çıxmışıq, lakin bu, onun sayının azalması demək deyil. Bunun sistemli olması və davam etməsi deməkdir” - deyə, “Tracker”in idarəedici redaktoru Kirstin Makkadden Amerikanın Səsinə bildirib.

Əksər hallarda müxbirlər polis nəzarətindən tez azad edilir. Çox vaxt polis jurnalistlərə “ketlinq“ kimi tanınan taktikadan istifadə etdikdə, onları hər tərəfdən mühasirəyə alır.

Lakin Makkadden deyir ki, hətta müvəqqəti həbs belə onların işlərinə təsir edə bilər.

Makkadden “Jurnalistlər ya hadisə yerindən uzaqlaşdırıldıqda, ya hansısa şəkildə həbsdə saxlandıqda, ya da “ketlinq“ yolu ilə həbs edildikdə onlar öz işlərini yerinə yetirməkdən, xəbəri yayımlamaq qabiliyyətindən məhrum olur və bu, onların işinə təsir edir. Hadisə yerində olmaq, baş verənləri çatdırmaq onların qanuni işidir" deyib.

Hadisələrin əksəriyyəti 2021-ci ildə iki şəhərdə baş verib. “Tracker“ Kaliforniya ştatının Los-Anceles şərində 22, Minnesotanın Bruklin Mərkəzində 21 media işçisinin saxlandığını qeydə alıb.

Ən çox həbslər mart ayında Los-Ancelesdə, polisin 200 nəfərin yaşadığı evsizlər düşərgəsini bağladığı zaman Exo Parkda keçirilən etirazlar zamanı olub.

Aprel ayında Bruklin Mərkəzində qaradərili Daunt Raytın polis tərəfindən öldürülməsinə qarşı keçirilən etirazları işıqlandıran 21 jurnalist saxlanıb. Rayt 2020-ci ildə Minneapolisdə Corc Floydun polis məmuru tərəfindən öldürüldüyü yerdən təxminən 16 km məsafədə öldürülüb.

Minnesota Ştatı Polisi İdarəsi polisin medianı hədəf almadığını və "medianın etiraz aksiyalarını işıqlandırmaq hüququna hörmət etdiyini" deyən bəyanatla çıxış edib.

Nə Los-Anceles Polis İdarəsi, nə də Bruklin Mərkəzinin Polis Şöbəsi Amerikanın Səsinin şərh xahişinə cavab verməyib.

XS
SM
MD
LG