Accessibility links

ABŞ-ın yüksək səviyyəli rəsmiləri təhlükəsizliklə bağlı danışıqlar üçün Meksikaya səfər edir


Müttəfiqi Fransa ilə münasibətləri sabitləşdirməyə çalışan ABŞ dövlət katibi Antoni Blinken indi də diqqətini Meksika ilə təhlükəsizlik danışıqlarına yönəldib.

Cümə axşamı Kaliforniya ştatına səfər edən Blinken daha sonra ABŞ-ın daxili təhlükəsizlik naziri Alehandro Mayorkas və Baş prokuror Merrik Qarlandla birlikdə Dövlət Departamentinin bildirdiyinə görə, təhlükəsizlik mövzusunda yüksək səviyyəli danışıqlar üçün Meksikaya yola düşüb.

Meksika tərəfini xarici işlər naziri Marselo Ebrard, eləcə də Müdafiə və Təhlükəsizlik orqanlarının nazirləri təmsil edəcək.

Ebrard bu həftənin əvvəlində ABŞ-dan Meksikaya silah axınını dayandırmaq və cinayət təşkilatları tərəfindən istifadə edilən pul axınını izləmək səylərini gücləndirmək üçün ABŞ-ın şübhəlilərin Meksikaya tez bir zamanda təhvil verilməsini istəyib.

ABŞ-ın da öz növbəsində Meksikadan fentanil kimi qanunsuz narkotik maddələrin ticarəti ilə mübarizə üçün tədbirlər görməsini istəyəcəyi gözlənilir.

Blinken çərşənbə günü Fransanın yüksək səviyyəli rəsmiləri ilə keçirdiyi danışıqların "çox məhsuldar" olduğunu və bunun Çinin Hind-Sakit Okean bölgəsindəki hərbi əməliyyatlarının qarşısının alınmasında Vaşinqtonla Paris arasında yeni əməkdaşlığa səbəb ola biləcəyini deyib.

"Ümumiyyətlə Avropanın, xüsusən də Fransanın Hind-Sakit Okeanında güclü tərəfdaşın olması ABŞ üçün çox vacibdir” - deyə, Blinken Fransanın paytaxtında keçirdiyi mətbuat konfransında bildirib.

Çərşənbə günü İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının yekun iclasından sonra Blinken İtaliyanın xarici işlər naziri Luiçi Di Mayo, İspaniyanın xarici işlər naziri Hose Manuel Albares və Kolumbiyanın vitse-prezidenti və xarici işlər naziri Marta Lusia Ramirezlə ayrı-ayrılıqda görüşüb.

Blinken İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının xarici işlər nazirləri ilə danışıqlardan sonra Avropa səfərini başa vurub.

XS
SM
MD
LG