Accessibility links

ABŞ-ın Milli Təhlükəsizlik Nazirliyində daxili ekstremizmlə mübarizə üçün xüsusi kəşfiyyat şöbəsi yaradılıb


ABŞ-ın Milli Təhlükəsizlik naziri Alehandro Mayorkas çərşənbə günü deyib ki, onun idarəsi daxili ekstremizmə diqqət yetirmək üçün xüsusi bir kəşfiyyat şöbəsi yaradıb.

Yeni şöbə "bu təhlükə ilə etibarlı və vaxtında kəşfiyyat məlumatlarından istifadə edərək mübarizə aparmaq üçün lazım olan təcrübəni inkişaf etdirməyimizi təmin edəcək" - deyə, Mayorkas Senatın dinləmələrində bildirib.

Bundan əlavə, nazirlik ekstremizmə qarşı mübarizə aparan başqa bir şöbənin adını Profilaktika və Tərəfdaşlıq Mərkəzi qoyub və həmin şöbənin resurslarını artıracaq.

Konqresin dinləmələri daxili terrorizm təhlükəsinin artdığına dair narahatlıqların olduğu bir vaxt keçirilib. Belə ki, hüquq-mühafizə orqanları bəzi ekstremistlərin keçmiş Prezident Donald Trampın tərəfdarları tərəfindən yanvarın 6-da ABŞ-ın Kapitoli binasına edilən hücumdan sonra cəsarətlənmiş ola biləcəyi barədə xəbərdarlıq edib.

Prezident Co Bayden daxili terrorizmlə mübarizəni administrasiyasının əsas prioritetinə çevirib və yanvar ayında Milli Kəşfiyyat Direktorunun ofisinə daxili ekstremizm təhdidlərinə bir daha nəzər salmağı tövsiyə edib.

Milli Kəşfiyyat Direktorunun ofisi mart ayında kəşfiyyat icmasının daxili təhdidi qiymətləndirməsi ilə bağlı məlumat açıqlayıb və daxili ekstremizmin 2021-ci ildə ölkə üçün "yüksək bir təhlükə" yaratdığı barədə xəbərdarlıq edib.

XS
SM
MD
LG