Accessibility links

ABŞ Myanmanın hərbi rəsmilərinə qarşı sanksiyalar tətbiq edir


ABŞ Maliyyə Nazirliyi dinc nümayişçilərin öldürülməsinə cavab olaraq Myanmanın daha iki hərbi rəsmisinə qarşı sanksiyalar tətbiq edib.

Bazar ertəsi elan edilən sanksiyaların hədəfi Moe Myint Tun və Maun Maun Kyavdır.

Maliyyə Nazirliyinin bəyanatında Myanma ordusunu ölkənin demokratik yolla seçilmiş hökumətini bərpa etməyə çağırılıb, əks təqdirdə başqa tədbirlər görüləcəyi qeyd edilib.

“Birləşmiş Ştatlar dinc etirazçılara qarşı bütün zorakılıqları dayandırmaq, Birmada demokratiyanın və qanunun aliliyinin bərpasına dəstək olmaq, dövlət müşaviri Aun San Suu Kyi və Prezident Vin Myint də daxil olmaqla, siyasi məhbusların dərhal sərbəst buraxılması və Birmanın demokratiyaya doğru irəliləməsini geri qaytarmağa çalışanların məsuliyyətə cəlb olunması üçün Birma hərbçilərinə və polisinə təzyiq göstərmək məqsədilə bölgədəki və dünyadakı tərəfdaşları ilə çalışmağa davam edəcək” - bəyanatda bildirilir.

Bu ayın əvvəlində Maliyyə Nazirliyi keçmiş hərbi rəsmilərə qarşı sanksiyalar tətbiq edib.

Avropa İttifaqının Xarici Siyasət şöbəsinin rəhbəri Cosef Borrell də bazar ertəsi günü verdiyi açıqlamada çevrilişi və “dinc nümayişçilərə qarşı qəbuledilməz zorakılığı” qınayıb.

O, Aİ nazirlərinin çevirilişə görə məsuliyyət daşıyan hərbi rəsmiləri və onların iqtisadi maraqlarına qarşı sanksiyaların tətbiq edilməsi də daxil olmaqla, bir sıra tədbirlərin görülməsi barədə razılıq əldə etdiklərini bildirib.

Borrell Avropa İttifaqının Myanmada hökumət islahatları proqramlarına bütün birbaşa maliyyə dəstəyini dayandıracağını da əlavə edib. Lakin o, tədbirlərin Myanma xalqına təsir etməyəcəyini və Aİ-nin “vətəndaş cəmiyyətini dəstəkləməyə və təməl xidmətlər göstərməyə davam edəcəyini” vurğulayıb.

XS
SM
MD
LG