ABŞ Nümayəndələr Palatasının Demokrat liderləri cümə axşamı gününə təyin edilən 1 trilyon dollarlıq iki partiyalı infrastruktur qanun layihəsinin səsverməsini təxirə salıb. Onlar bununla əvvəlcə daha böyük sosial siyasət qanun layihəsi üzərində işləməyi tələb edən partiya mütərəqqilərinə qatılıb.
Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və Prezident Co Bayden 3.5 trilyon dollarlıq sosial xərclər paketinin infrastruktur planı ilə birlikdə getməsini istəyən mütərəqqi millət vəkilləri ilə daha kiçik qanun layihəsi istəyənlər arasındakı fərqi aradan qaldırmaq üçün mübarizə aparır.
Bu, Bayden və Demokrat liderlərə gündəmdə yer alan əsas məsələyə dəstək qazanmaq və səs toplamaq üçün əlavə vaxt vermiş olub.
"Bu həftə çox böyük bir irəliləyiş əldə edildi və hər zamankından daha çox razılaşmaya yaxınlaşdıq" - deyə, Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.
Psaki "Ancaq biz hələ məqsədə çatmamışıq və buna görə də işimizi bitirmək üçün sabah səhərdən başlayaraq, əlavə vaxta ehtiyacımız olacaq" - deyə, əlavə edib.
Bəzi Demokratlar ölkənin yollarına, körpülərinə və digər infrastruktura investisiya yatırılmasını nəzərdə tuttan qanun layihəsinin əleyhinə səs verəcəklərinə söz verib. Belə ki, Demokratlar sosial xidmətlərin maliyyələşdirilməsi və iqlim dəyişikliyi ilə mübarizə üçün multi-trilyon dollarlıq qanun layihəsi barədə razılığa gəlməyib.
Partiyanın sol cinahında olan millət vəkilləri də prioritetlərinin sosial xərclər qanununda əks olunduğunu görməyincə infrastruktur qanun layihəsinə səs verməyəcəklərini deyib.