Accessibility links

ABŞ Nümayəndələr Palatası Müdafiə Aktına iki düzəliş qəbul etdi


Azərbaycan-Ermənistan beynəlxalq sərhədində ötən həftə baş vermiş toqquşmaların ardınca ABŞ Konqresində regiondakı siyasət və müdafiə büdcəsinə əlavələrlə bağlı bir sıra təşəbbüslər irəli sürülüb.

Bazar ertəsi Nyu Cersi ştatından olan Nümayəndələr Palatasının üzvü Frank Pallone Jr-in təklif etdiyi düzəliş Nümayəndələr Palatası tərəfindən qəbul edilib.

Konqresmenlər Brad Şerman, Ceki Speyer və Adam Şiffin də sponsorluq etdikləri Milli Müdafiə Təsdiqləmə Aktına edilən düzəliş ABŞ Müdafiə Nazirliyindən təhlükəsizlik tərəfdaşlıq proqramları çərçivəsində ABŞ-dan maliyyə yardımı alan xarici hərbi bölmələrin insan haqlarını pozub-pozmadığı haqda hesabat verməyi tələb edir.

“Birləşmiş Ştatlar uzun müddət irqi, dini, etnik və milli mənsubiyətindən asılı olmayaraq hər bir şəxsin hüquqlarının qorunması üçün bir mayak olub. Biz Amerika xarici yardımının daxildə və xaricdə dəyərlərimizə zidd olmadığını təmin etməliyik,” deyə Pallone ötən həftə Azərbaycanı Ermənistanın “təhlükəsizliyini və suverenliyini” təhlükə altına qoymaqda və Ermənistana hücum etməkdə ittiham edib.

Onun sözlərinə görə, qəbul edilən düzəliş ABŞ-ın insan haqları pozan “avtokratik” dövlətlərə yardımçı olmamasına xidmət göstərir.

Konqresmenlər Stiv Şabot və Steven Kohenin irəli sürdüyü və qəbul olunan digər düzəliş Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanda daxili köçkünlərin statusu barədə Konqresə Pentaqon və Dövlət Departamenti tərəfindən əlaqələndirilmiş qaydada hesabatın təqdim olunmasını təsbit edir.

Düzəlişin qəbuluna reaksiya verən Azərbaycan Xarici İşlər Nazirliynin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva onun Azərbaycan üçün əhəmiyyətini qeyd edib.

“Söhbət Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması düzəlişindən gedir. Burada vacib məqamlar hansılardır? Düzəlişdə Azərbaycan da daxil olmaqla, digər 3 ölkədə ərazilərin qeyri-qanuni işğalı faktı təsdiqlənir. Burada söhbət işğal olunmuş ərazilərdə köçkün düşmüş və həmin ərazilərdə həyatını itirmiş vətəndaşlar barədə məlumatın hazırlanaraq Müdafiə Departamenti ilə birlikdə Konqresə təqdim olunmasından gedir. İndiki mərhələdə bu düzəlişin bizim üçün əhəmiyyəti çox böyükdür. Çünki burada Azərbaycanın ərazilərinin işğal olunması faktı təsdiq olunur,” Abdullayeva deyib.

2018-19-cu illərdə Azərbaycan Birləşmiş Ştatlardan $100 milyon dollardan çox hərbi yardım alıb.

XS
SM
MD
LG