Accessibility links

ABŞ Nigeriyada qaçırılan qızların axtarışına yardım edəcəyini deyib


Birləşmiş Ştatlar Boko Haram yaraqlı qrupun keçən ay qaçırdığı yüzlərlə qızın axtarışında Nigeriyaya yardım göstərəcəyini deyib.

Ağ Evin sözçüsü Cey Karney qızların oğurlanmasını dəhşətli faciə adlandırıb və ABŞ-ın milli təhlükəsizlik rəsmilərinin hadisəni yaxından izlədiklərini bildirib.

Silahlı şəxslər qızları aprelin 14-də Borno ştatının Çibok qəsəbəsində yerləşən məktəbdən oğurlayıblar. Nigeriya rəsmiləri bəzi qızların oğurlandıqdan sonra qaça bildiyini, ancaq 276 qızın hələ də qrupun əlində olduğunu bildirib.

Boko Haram qrupunun lideri Əbubəkir Şekau xəbər agentliklərinə ötürülən video açıqlamada hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb.

Təsdiq olunmayan məlumata əsasən, bəzi qızlar qrupun üzvləri ilə evləndirilib, qalanlar isə sərhəddən Kamerun və Çada aparılıb.

Bazar günü Nigeriya prezidenti Qud Lak Conatan yüksək rütbəli təhlükəsizlik rəsmilərinə qızların azad edilməsi üçün mümkün hər şeyin edilməsi haqda göstəriş verib.

Dövlət Departamentinin sözçüsü Mari Harf qızların axtarışında ABŞ hərbi qüvvələrindən istifadə edilməyəcəyini bildirib. Nigeriya prezidentinə qızların tapılması üçün təzyiq məqsədilə keçirilən nümayişin təşkilatçısının həbsi ilə bağlı xəbərə münasibət bildirən Mari Harf Nigeriya rəsmilərini insan haqlarına, ifadə və toplaşma azadlığına hörmət göstərməyə çağırıb.
XS
SM
MD
LG