Accessibility links

ABŞ Nord Stream 2-nin tikintisində iştirak edən 13 Rusiya gəmisinə sanksiya tətbiq edib


Birləşmiş Ştatlar rəsmi olaraq Nord Stream 2 qaz boru kəmərinin inşasında iştirak edən ondan çox Rusiya gəmisini qara siyahıya daxil edib. Bundan bir neçə gün öncə isə ABŞ boru kəmərinin rusiyalı idarəçisi və baş icraçı direktorunu sanksiyalardan azad edib.

Bu gözlənilən addım mayın 21-də ABŞ Maliyyə Nazirliyi tərəfindən açıqlanıb və Konqresdəki Respublikaçıların Ağ Evin daha öncə boru kəmərinin yeni rusiyalı operatoruna yeni sanksiyalar tətbiq etməyəcəyini elan etməsini sərt tənqid etdiyi bir vaxta təsadüf edib.

Baltik dənizindən keçən və inşası demək olar başa çatan boru kəməri Rusiya qazını Ukrayna, Belarus və başqa ölkələrin ərazilərini yan keçərək birbaşa Almaniyaya daşıyacaq.

Tənqidçilər deyir ki, bu, Almaniyanın Rusiyanın enerji tədarükündən asılılığını artıracaq və Berlini Rusiya siyasətinin təsirinə daha çox məruz bıraxacaq. Bundan əlavə bu, Ukrayna və başqa ölkələri yüksək tranzit haqqından məhrum edəcək.

Lakin kansler Angela Merkelin hökuməti boru kəmərini dəstəkləyir. Siyasi müşahidəçilər deyir ki, belə görünür, Prezident Co Bayden bu məsələdən dolayı ABŞ-ın müttəfiqi ilə mübahisə etmək istəmir.

Dövlət Departamenti bu həftənin əvvəlində boru kəmərinin Rusiyaya məxsus operatoru Nord Stream 2 AG və onun baş icraçı direktoru və Rusiya Prezidenti Vladimir Putinin yaxın müttəfiqi Mattias Vorniqə sanksiya tətbiq etmək niyyətində olmadığını elan edib.

Respublikaçı senatorlar deyir ki, onlar sanksiyaları bərpa etmək üçün qanun layihəsi irəli sürəcək.

“Mən başa düşmürəm. Onlar Putini qəzəbləndirmək istəmir? Mən bunu anlamıram. Onlar Almaniyanı qəzəbləndirmək istəmir,” Senatın Xarici Əlaqələr Komitəsinin yüksək vəzifəli respublikaçı üzvü Cim Riş mayın 20-də müxbirlərə bildirib.

XS
SM
MD
LG