Keçmiş ABŞ rəsmiləri deyirlər ki, ABŞ-ın koalisiya qüvvələrini Əfqanıstandan çıxarması terrorla mübarizə fəaliyyətlərində ABŞ-Pakistan münasibətlərinin siyasi hesabını dəyişərək, Vaşinqtonun İslamabaddan daha az asılı olmasına səbəb olub.
Amerikanın Səsinin Urdu Xidmətinə müsahibəsində ABŞ-ın keçmiş müdafiə naziri Leon Panetta deyib ki, ABŞ-Pakistan münasibətləri həmişə mürəkkəb olub.
“Əsasən də Əl-Qaidə Pakistanın qəbilə bölgələrində yerləşdiyi zaman biz onlarla (Pakistan) əməkdaşlıq əlaqələri qurmağa çalışardıq. Biz onlara işləməyə, məlumat çatdırmağa davam etdiyimiz müddətdə onlar bizimlə müəyyən qədər əməkdaşlıq edirdi”” - deyə, keçmiş prezident Barak Obama dövründə Mərkəzi Kəşfyyat İdarəsinin direktoru vəzifəsində çalışan Panetta bildirib.
Panettanın dediyinə görə, Pakistan terror qruplaşmaları ilə Hindistana təsir etmək üçün əlaqə saxlayır. O, Pakistanın ABŞ-ın terror qruplaşmaları hesab etdiyi Taliban və Haqqani şəbəkələrii ilə çox yaxın olduğunu, bunun da iki xalq arasında etimadın olmamasına səbəb olduğunu deyib.
Pakistanın Milli Təhlükəsizlik üzrə müşaviri Moid Yusuf bu qiymətləndirmə ilə razılaşmır və Vaşinqtonla İslamabadın müsbət dialoq apardığını deyir. O, nümunə olaraq ABŞ dövlət katibinin müavini Vendi Şermanın Pakistana son səfərini qeyd edib.
"Hər iki tərəfin aradan qaldırmalı olduğu bəzi inamsızlıq var və biz bunu etməyə çalışırıq. Onun (Şermanın) Pakistana səfərinin səbəbi də budur. Hər iki ölkə əlaqələndirilmiş şəkildə irəliləyir və böyük böhran yoxdur” - deyə, Yusif bu yaxınlarda Amerikanın Səsinə bildirib.
Panetta və sabiq Prezident Donald Trampın Milli Təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton Amerikanın Səsinə bildiriblər ki, Pakistanın nüvə arsenalının təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqları var. Onlar eləcə də İslam Dövləti-Xorasan, Əl-Qaidə, Pakistanın Əfqanıstandakı Talibanının regional mövcudluğunu və Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsini əsas gətirib.
Boltonun fikrincə "Əsas məsələ iflasa uğramış, zəif bir dövlət olan Pakistanın nüvə silahının təhlükəli əllərə keçmə riskidir".