Birləşmiş Ştatlar şənbə günü Pakistana koronavirus pandemiyası ilə mübarizəyə yardım məqsədilə kritik tibbi ləvazilatar göndərib.
ABŞ Səfirliyi bildirib ki, yardıma on minlərlə “kritik sürətdə ehtiyac duyulan və tələb olunan” səhiyyə işçiləri üçün şəxsi qoruyucu əşyalar, yüzlərlə oksimetr və başqa ləvazimatlar daxildir.
“Bu gün Birləşmiş Ştatlar Pakistan hökuməti ilə COVID-19 pandemiyasına qarşı mübarizədə qürurlu əməkdaşlığını davam etdirir” -deyə, ABŞ Səfirliyinin müvəqqəti işlər vəkili Lessli Vigeri bildirib.
“Pakistan koronavirusa qarşı mübarizədə tək deyil,” Vigeri deyib.
Vaşinqton İslamabada COVID-19-a qarşı mübarizədə yardım məqsədilə 40 milyon dollardan çox pul, o cümlədən xəstəlikdən əziyyət çəkənlərin müalicəsi üçün 200 süni nəfəs aparatı ayırıb.
ABŞ rəsmiləri deyib ki, bu yardımdan Pakistan boyu 2.5 milyon insan faydalanıb, onlar həyat qurtaran müalicə ilə təmin olunub, ölkədə yoluxma hallarının müəyyən edilməsi gücləndirilib və fövqəladə vəziyyətə hazırlığı gücləndirmək üçün yenilikçi maliyyə mənbələrinin tapılması üçün səfərbərlik başladılıb.
Pakistanın Xarici İşlər Nazirliyinin sözçüsü Zahid Hafiz Çaudri deyib ki, onun hökuməti ABŞ-ın yardımını “çox yüksək qiymətləndirir.”
“Bu vaxtında edilmiş jest ABŞ-ın Pakistana COVID-dən qurtulmaq və qarşısını almaq səyləri üçün verdiyi davamlı dəstəyin bir hissəsidir,” Çaudri deyib.
220 milyon əhalisi olan Pakistanda pandemiya başlayandan bəri koronavirusa 930 mindən çox yoluxma, 21 mindən çox ölüm halı qeydə alınıb.
İslamabada bu yaxınlarda BMT-nin COVAX təşəbbüsü vasitəsilə 1.2 milyon doza Oxford-AstraZeneca vaksini və 100 000 doza Pfizer vaksini çatdırılıb.
Birləşmiş Ştatlar 92 aşağı və orta gəlirli ölkəyə COVID-19 vaksinlərinin çatdırılması üçün başladılan COVAX proqramına 2 milyard dollar pul ianə edib və 2022-ci ilədək də əlavə 2 milyard dollar ayırmağı vəd edib.
İlk başda Pakistanın yaxın müttəfiqi Çin Pakistanı COVID-19-la mübarizə üçün çox sayda tibbi ləvazimatla təmin edib, böyük miqdarda vaksin ianə edib, daha sonra isə Pakistan hökuməti 2021-ci ilin sonunadək əhalisinin 70 faizinə peyvənd vurmaq üçün lazım olan vaksinlərin 90 faizini ya alıb ya da almaq prosesində olduğunu bildirib.
Pekin həmçinin Pakistandakı tibbi işçilərə təlim keçib və İslamabadın Milli Səhiyyə İnstitutunda qurum təsis edib və orada Çinin təmin etdiyi qarışımdan CanSino vaksini doldurulur. Təsis ayda 3 milyon doza vaksin hazırlaya bilir.
Pakistanda şənbə gününədək 9 milyona yaxın insana vaksin vurulub. Amma rəsmilər deyir ki, növbəti həftələrdə vaksin vurmaq sürəti artırılacaq və o zaman gündə 600 000 insana vaksin vurulacaq.