Rəsmilərin bildirdiyinə görə, çərşənbə axşamı Pentaqonun yaxınlığında avtobusların tranzit məntəqəsində baş verən zorakılıq nəticəsində bir polis zabiti bıçaqlanaraq öldürülüb. Şübhəli şəxs isə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən güllələnib və hadisə yerində ölüb.
Çərşənbə axşamı səhər saatlarında ABŞ ordusunun qərargahı olan Pentaqonun girişi yaxınlığında atəş səsləri eşidilib və nəticədə bina müvəqqəti olaraq bağlanmalı olub. Məsələni müzakirə etmək səlahiyyətində olmayan və Associated Press-ə adlarının açıqlanmaması şərtilə məlumat verən rəsmilərin dediyinə görə, bıçaqlanan Pentaqon polis zabiti daha sonra həyatını itirib.
Məsələ ilə bağlı əlavə məlumatın Pentaqonun mətbuat konfransında açıqlanacağı gözlənilir.
Pentaqon Müdafiə Qüvvələrinin Mühafizəsi Agentliyi Twitter səhifəsində hadisənin Pentaqonun Tranzit Mərkəzinin bir hissəsi olan avtobus dayancağına baş verdiyini bildirib. Dayanacaq Virciniya ştatının Arlinqton Mahalında, Vaşinqtondakı Potomak çayının qarşısındakı Pentaqon binasından bir neçə addımlıq məsafədə yerləşir.
Binanın yaxınlığında olan Associated Press (AP) agentliyinin müxbiri çox sayda atəş səsləri eşitdiyini, kiçik fasilədən sonra azı daha bir atəş səsinin gəldiyini deyib.
AP-nin digər jurnalisti isə polisin "silahlı şəxs" deyə, qışqırdığını eşitdiyini bildirib.
Pentaqonun açıqlamasında obyektin "polisin təhqiqat aparması" səbəbilə bağlandığı bildirilib.
Təhqiqat səbəbindən metro qatarlarına Pentaqondan keçməmək əmri verilib.