Accessibility links

ABŞ-da bəzi insanlara COVID-19 peyvəndinin üçüncü dozasının vurulmasına icazə veriləcəyi gözlənilir


ABŞ-ın Ərzaq və Dərman İdarəsinin (FDA) immun sistemi zəif olan bəzi insanlara COVID-19 peyvəndinin üçüncü dozasının vurulmasına icazə verəcəyi gözlənir.

Xəbər agentliklərinin bildirdiyinə görə, Ərzaq və Dərman İdarəsi iki dozalı Pfizer və ya Moderna peyvəndinin üçüncü dozasının tətbiqini cümə axşamı təsdiqləyəcək.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məsləhət heyəti immun sistemində problem olan bəzi insanlara COVID-19 peyvəndlərinin gücləndirici dozalarının vurulmasını müzakirə etmək üçün cümə günü bir araya gələcək.

Mütəxəssislər arasında orqan nəqli və ya xərçəng xəstələri kimi immun sistemi zəif olan bəzi insanlara əlavə dozada COVID-19 peyvəndi təklif edib-etməmək barədə mübahisələr mövcuddur.

Cons Hopkins Universitetinin son araşdırmasının nəticəsi bir çox transplantasiya xəstəsinə iki dozada peyvəndin demək olar ki, heç təsir etmədiyini, lakin üçüncü dozanın antikor qorumasını gücləndirdiyini göstərib.

3 milyondan 9 milyonadək amerikalının immun sistemi ya xəstəlik, ya da qəbul etdikləri dərmanlar səbəbindən zəifləyib.

Bununla əlaqədar Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi bütün hamilə qadınlara COVID-19 peyvəndi vurmağı tövsiyə edir. Agentliyin bildirdiyinə görə, azı bir doza peyvənd alan hamilə qadınların uşaq salma riski azdır.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin rəhbəri, doktor Roşel Valenski yazılı açıqlamada "sürətlə ötürülən delta variantı ilə üzləşdiyimiz və peyvənd olunmayan hamilə insanlar arasında COVID-19-un ciddi nəticələrini gördüyümüz üçün təcili olaraq peyvəndləri artırmalıyıq" - deyə, bildirib.

ABŞ-da hamilə qadınların yalnız 23%-nə COVID-19 peyvəndinin azı bir dozası vurulub.

XS
SM
MD
LG