Bazar ertəsi Birləşmiş Ştatların ön cəbhəsindəki səhiyyə işçilərinə federal səviyyədə təsdiqlənmiş koronavirus peyvəndinin ilk dozaları tətbiq edildi. Səhiyyə rəsmilərinin dediyinə görə, bu, ABŞ-da 300 mindən çox insanın həyatına son qoyan virusla mübarizədə əhəmiyyətli bir dönüş olduğuna işarədir.
COVID-19 xəstələrinin çəkdikləri əzabı və ölümlərini görən təcili yardım bölməsinin tibb bacısı Sandra Lindsi növbədə birinci duranlardandır. "Bunun tariximizdəki ağrılı bir dövrün sonunun başlanğıcı olduğuna ümid edirəm."
Peyvənd ABŞ-da COVID-19-un 300 min nəfərin həyatına son qoymasından sonra tətbiq edilməyə başlayıb. Pandemiya hələ də xəstəxanalara zərbə vurmaqda və ölkənin iqtisadiyyatını dağıtmaqda davam edir. Lakin bu yaxınlarda təsdiqlənmiş Pfizer peyvəndinin ilk partiyası ABŞ daxilində 636 sahəyə çatdırılıb.
Səhiyyə və İctimai Xidmətlər naziri Aleks Azarın dediyinə görə, peyvəndin ikinci partiyası Ərzaq və Dərman Administrasiyası (FDA) tərəfindən təsdiq edildikdən sonra, ola bilsin bu həftəsnin sonunda paylanacaq. “Amerikalıları xilas edəcək peyvəndlər UPS və FedEx-ə məxsus yük maşınlarında və təyyarələrdə gəlir. Keçən həftə sonu 2,9 milyon dozada peyvənd çatdırılıb ki, bu da 2,9 milyon insan üçün kifayətdir.”
Kütləvi peyvənd kampaniyasına ilk olaraq səhiyyə işçiləri və qocalar evləri sakinləri kimi ən yüksək risk altında olanlarla başlanır. Geniş ictimaiyyət üçün peyvəndlərin 2021-ci ilin yaz aylarının sonuna qədər aparılması gözlənilmir. Mütəxəssislər peyvəndə şübhə ilə yanaşanları inandırmaq üçün kifayət qədər vaxt olduğunu deyir. “Yalnız peyvəndin varlığı pandemiyaya son vermir. Bunun üçün peyvəndi qəbul etmək istəyən əhali olmalıdır” - deyə, Vanderbilt Universitetinin professoru T.S. Harvi bildirir.
Yoluxucu xəstəliklər üzrə ekspert Bill Petrinin dediyinə görə, pandemiyanın dağıdıcı təsiri ABŞ əhalisinin miqyaslarını aşır və buna son qoymaq üçün çoxtərəfli bir yanaşmaya ehtiyac var. “Dünyanın bütün ölkələrində peyvənd edilmədiyi təqdirdə biz buna nəzarət edə bilmərik. Belə olmasa epidemiya davam edəcək, problemlər davam edəcək.”
Britaniya və Kanada da daxil olmaqla, bir sıra ölkə Pfizer peyvəndinə icazə verib və Ümumdünya Səhiyyə Təşkilatı dünyanın bir çox ölkəsində 50-dən çox COVID-19 peyvəndinin sınaqdan keçirildiyini bildirib.