Koronavirus pandemiyası ilə bağlı xəbərdarlıqlara baxmayaraq, amerikalılar ənənəvi bayram mövsümü səyahətlərini etməkdən çəkinmi.
Nəqliyyat Təhlükəsizliyi İdarəsi (TSA) bazar günü ABŞ aeroportlarında 1,3 milyona yaxın sərnişinin yoxlanışdan keçdiyini bildirib. Bu, doqquz aydan çox müddətdə ən yüksək göstərici olub. Nəqliyyat Təhlükəsizliyi İdarəsi dekabrın 18-dən bəri ölkə boyu 10 milyondan çox insanın hava yollarından istifadə etdiyini bildirib.
Xəstəliklərə Nəzarət və Profilatika Mərkəzi koronavirusun daha çox yayılmasından qorxaraq, amerikalılara tətil mövsümündə səyahət etməmələri mövzusunda xəbərdarlıq edib.
"Amerikalıların qarşıdakı tətil mövsümündə edəcəyi ən yaxşı şey səyahət etməmək, evdə qalmaqdır. Xəstəxanalarda xəstələrin və ölümlərin sayı artmaqdadır. Biz bunun qarşısını almalıyıq" - deyə, Xəstəliklərə Nəzarət və Profilatika Mərkəzindən Henri Volk dekabrın əvvəlində keçirilən brifinqdə bildirmişdi.
Milli İctimai Radionun verdiyi məlumata görə, Şükran bayramında edilən səyahətlər pandemiya dalğasının sıçrayışına səbəb olub-olmadığı aydın deyil - Bəzi bölgələrdə artım olub, bəzilərində isə olmayıb.
Amerika Avtomobil Assosiasiyası (AAA) Milad mövsümü çoxu avtomobillə olmaqla, təxminən 85 milyon amerikalının səyahətə çıxacağını proqnozlaşdırmışdı.
Cons Hopkins Universitetinin məlumatına görə, bazar ertəsi gününə qədər ABŞ-da koronavirusa 19 milyondan çox yoluxma, 333, 326 ölüm halı qeydə alınıb.