ABŞ-da COVID-19 halları artdıqca daha çox universitet və kollec noyabr ayının sonlarında Şükran bayramı tətilindən sonra onlayn sistemə keçməyi planlaşdırdığı halda, digərləri tələbələrin kampuslara qayıtmasına icazə verəcəklərini bildirir.
Pensilvaniya Universiteti, Arizona Universiteti, Los Ancelesdəki Kaliforniya və Berkli Universitetləri, Nyu Yorkdakı Sirakuz Universiteti və Michiqan Universiteti Şükran bayramından sonra yeni semestri onlayn vasitəsilə keçirəcək təhsil ocaqları arasındadır.
Tətildən sonra distant təhsil sisteminə keçən Arizona Universiteti də Kaliforniya Universiteti və digər bir çox təhsil ocaqları kimi mənzili olmayan tələbələrə semestrin qalan hissəsini yataqxanalardan istifadə etməyə icazə verəcək.
"Bütün tələbələri kampusa geri qaytarmaq o qədər genişmiqyaslı bir əməliyyatdır ki, həqiqətən bunu ildə iki dəfədən çox edə bilməyəcəksiniz" - deyə, Massaçusetsdəki Brandis Universitetinin keçmiş prezidenti və baş əməliyyat direktoru Frederik Laurens bildirib.
Pandemiyadan əvvəl tələbələr adətən televiziya ilə kollec futbol oyunlarını izləmək də daxil olmaqla, məhsul bayramı olan Şükran Gününü qeyd etmək üçün ailələrinin yanına qayıdırdı. Bundan sonra tələbələr dekabr ayının sonlarında qış tətili başlayana qədər təxminən bir ay müddətinə kampusa qayıdırdı. Daha sonra isə onlar kampusa Milad və Yeni il bayramını əhatə edən üç-dörd həftəlik qış tətilindən sonra yanvar ayında yeni dərslərin başlaması üçün qayıdırdı.
Pandemiya on illərdir davam edən kampus təqvimini alt-üst edib. COVID-19-a yoluxma halları rekord həddə çatdığı üçün təhsil ocaqları virusun təsirini azaltmağa çalışır.
Nyu York ştatının universiteti (SUNY) məktəblərinin əksəriyyətində Şükran Günü üçün evə getmədən əvvəl tələbələrdən mənfi COVID-19 testi təqdim etmələrini tələb edəcək. Universitetdə 415. 572 tələbə təhsil alır və ştat boyu onun 64 kampusunda 125 minə yaxın beynəlxalq tələbə yaşayır.
İndiana Universiteti (IU) də 48.514 tələbəsindən Şükran tətilinə evlərinə gedərkən COVİD testindən keçmələrini tələb edəcək.
Tətildən sonra tələbələri geri gətirməyi planlaşdıran Merilend Universiteti (UMD) də keçən həftə qərarını dəyişərək, universitetin prezidenti Darril Paynsın tələbələrə göndərdiyi elektron məktubuna əsasən, 40.521 tələbənin Şükran bayramından sonra tamamilə onlayn sisteminə keçəcəyini bildirib.