Accessibility links

ABŞ "Pfizer" vaksininin 12-15 yaşlı uşaqlara tətbiqini təsdiqləyib


ABŞ tənzimləyiciləri "Pfizer-BioNTech"in 12 yaşından yuxarı uşaqlar üçün hazırladığı COVID-19 peyvəndinin tətbiqini təsdiqləyib.

ABŞ-ın Ərzaq və Dərman Administrasiyası (FDA) bazar ertəsi peyvəndin təhlükəsiz və 12-15 yaşlı uşaqlarda effektiv olduğunu bildirib. Eyni vaksinin 16 yaşdan yuxarı insanlar üçün təcili istifadəsi onsuz da təsdiqlənmişdi.

“Bugünkü qərar gənc əhalinin də COVID-19-dan qorunmasına imkan yaradır və bu, bizi pandemiyanın sonuna və normal həyata qayıtmağa doğru daha da yaxınlaşdırır,” FDA-nın komissarı Canet Vudkok bəyanatında bildirib.

Pfizer Birləşmiş Ştatlarda uşaqlarda istifadə üçün təsdiq olunan ilk vaksindir. Bu qərar ABŞ rəsmilərinin əhalinin daha böyük hissəsinə vaksin vurmaq və ABŞ-da məktəb şagirdlərinə payızda məktəbə dönməzdən öncə peyvənd olmaq göstərişi verməyə hazırlaşdığı vaxta təsadüf edib.

Baxmayaraq ki, COVID-19 olan uşaqların əksəriyyəti xəstəliyi ya yüngül simptomlarla, ya da heç bir simptom olmadan keçirirlər, onlar virusu başqalarına yoluxdura bilirlər.

Pfizer mart ayında 12 ilə 15 yaş arasında 2000 könüllünün iştirak etdiyi sınağın ilkin nəticələrini açıqlayıb. Həmin nəticələr tam vaksin vurulmuş yeniyetmələrin heç birinin COVID-19-a yoluxmadığını və onlarda ciddi yan təsirlərin olmadığını göstərib.

Bununla yanaşı, digər bir COVID-19 vaksininin istifadəsi bir müddət təxirə salınacaq. ABŞ-da qərargahlanan əczaçılıq şirkəti Novavax bazar ertəsi sınaqdan keçirdiyi vaksindən istifadənin təsdiqi üçün iyul ayına qədər müraciət etməyəcəyini açıqlayıb. Şirkət buna vaksinin istehsalında istifadə olunan xam materiallar və avadanlıqları əldə etməkdə çətinlikləri səbəb göstərib.

Lakin Novavax-ın baş icraçısı Stanli Erk müxbirlərə bildirib ki, şirkət bu ilin son rübündə ayda 150 milyon doza istehsal etmək məqsədinə çatmağı planlaşdırır.

Şirkət rəsmiləri Şimali Amerikada keçirilən kliniki sınaqların son mərhələsinin nəticələrini bu ay açıqlayacağını təxmin edir. Britaniyada keçirilən kliniki sınağın nəticələri vaksinin koronavirusa qarşı 95 faiz effektiv olduğunu göstərib.

Novavax yoxsul və orta gəlirli ölkələr üçün nəzərdə tutulan COVAX peyvəndinin paylaşma təşəbbüsünü 1 milyard doza vaksinlə təmin etməyi, habelə bir neçə Avropa ölkəsinə 200 milyon vaksin göndərməyi vəd edib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG