Birləşmiş Ştatlar çərşənbə günü casusluq iddiaları ilə əlaqədar Rusiyada bir il əvvəl həbs olunan keçmiş ABŞ dəniz piyadası ilə əlaqəli məhbus mübadiləsi təklifini rədd edib və onun dərhal sərbəst buraxılmasına çağırıb.
ABŞ, Britaniya, Kanada və İrlandiya pasportlarına sahib olan Pol Uilan, keçən il dekabrın 28-də Moskvada otel otağında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin agentləri tərəfindən həbs olunub.
ABŞ səfirliyi bir Amerika diplomatının çərşənbə günü onu həbsxanada ziyarət etməsindən sonra Uilanın səhhətinin pisləşməsindən şikayətlənərək, Rusiyanın onunla rəftarını "utancverici" adlandırıb və Moskvanın diplomatın ona Şükran yeməyi gətirməsinə icazə vermədiyini deyib.
Rəsmi Moskva bildirir ki, Uilan içində gizli məlumatlar olan yaddaş kartı ilə cinayət başında yaxalanıb. Uilan isə ona böhtan atıldığını deyərək, bir rus tanışının ona verdiyi yaddaş kartında tətil fotolarının olduğunu düşündüyünü bildirib.
Uilan müstəntiqlərin onun işini araşdırdığı müddətdə məhkəmədən əvvəl həbsdə saxlanılıb.
Bu ayın əvvəlində Uilanın rusiyalı vəkili ABŞ-ı və digər ölkələri müştərisinin sərbəst buraxılması üçün Moskva ilə bir məhbus mübadiləsini etməyə çağırıb.
Lakin ABŞ-ın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Culie Fişer bu cür mübadiləni rədd edib.
Fişer həbsxanada Uilanı ziyarət etdikdən sonra jurnalistlərə "bu mübadiləni müzakirə etməyə ehtiyac yoxdur. Burada heç bir sübut, heç bir cinayət yoxdur" deyə bildirib. “Onu sərbəst buraxmaq lazımdır. Pol cinayətdə ittiham olunmayıb”, əlavə edib.
Fişer Uilanın səhhətinin pisləşdiyini və Rusiyanın xaricdən bir həkimin onu müayinə etməsinə icazə verməkdən imtina etdiyini bildirib.
Saxlandığı 11 ay müddətində Uilanın ailəsinə bir dəfə belə telefon danışığına icazə verilməyib, ABŞ səfirliyi həmçinin Fişerə çərşənbə günü Uilana Şükranlıq yeməyi gətirməyə belə icazə verilmədiyini bildirib.
"Rusiya hakimiyyəti Pol Uilanın kiçik rahatlığını - Şükranlıq yeməyinin rədd etdi. Bütün dünyada amerikalı ailələrin bir yerə toplandğı zaman, Pol 11-ci aydır həbs cəzası çəkir və hətta valideyinlərinə zəng edə bilmir. Bu utancverici bir davranışdır", ABŞ səfirliyinin nümayəndəsi Rebekka Ross Twitterdə səhifəsində yazıb.