Accessibility links

ABŞ prezidenti Nensi Pelosinin onun kompromis təklifini rədd etməsini pisləyib


ABŞ prezidenti Nümayəndələr Palatasının demokrat spikeri Nensi Pelosinin onun kompromis təklifini rədd etməsini pisləyib.

Donald Tramp uşaq ikən ölkəyə gətirilmiş qanunsuz miqrantların deportasiyadan 3 il qorunması, həmçinin müvəqqəti yaşayış müddəti bitənlərin deportasiya edilməməsini nəzərdə tutuan plan təklif edib. Prezident bunun əvəzində Konqresdən Meksika ilə sərhədə səd çəkilməsinə 5 milyard dollardan çox vəsait ayrılmasını istəyib.

"Nensi Pelosi və bəzi demokratlar mən sözə başlamazdan öncə təklifimi rədd edib. Onları cinayətkarlıq və narkotiklər maraqlandırmır. Diqqətləri yalnız qalib gəlməyəcəkləri 2020-ci il seçkilərinə yönəlib. Ən yaxşı iqtisadiyyat. Onlar ölkə üçün düzgün qərar verməli, insanları işlərinə qaytarmalıdır" - deyə, prezident bildirib.

Tramp bildirib ki, söhbət bütün sərhəd boyu divardan yox, yalnız sərhədin bəzi yerlərində 370 kilometrlik səddən gedir. Meksika ilə quru sərhədinin uzunluğu 3145 kilometrdir. Bunun təxminən 1050 kilometri müxtəlif səd və ya maneələrlə bağlanıb.

Nümayəndələr Palatasının demokrat spikeri Nensi Pelosi də Trampın təklifinin qəbuledilməz olduğunu bildirib.

Nümayəndələr Palatasına nəzarət edən demokratlar miqrasiya sahəsində islahatları hökumətin tam açılmasından sonra müzakirə etmək istəyirlər.

XS
SM
MD
LG