ABŞ prezidenti Co Bayden Brüsseldə NATO sammiti çərçivəsində danışıqlardan sonra keçirdiyi mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü müsbət qiymətləndirdiyini bildirib. "Əminəm ki, münasibətlərdə həqiqi irəliləyiş əldə edəcəyik" - deyə, Amerika lideri bildirib.
Bayden mətbuat konfransından öncə bazar ertəsi türkiyəli həmkarı ilə "müsbət və məhsuldar" danışıqlar apardığını, görüş zamanı bir sıra mövzularla bağlı növbəti addımları müzakirə etdiklərini bildirib.
Prezident Bayden ilk ikitərəfli görüşdən sonra onun və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın komandalarının müzakirə olunan məsələlərin detallarını müəyyənləşdirmək istiqamətində iş aparacağını qeyd edib.
Prezident Ərdoğan iki müttəfiq arasında münasibətlərdə böyük irəliləyişə nail olunduğunu açıqlamasa da, prezident Baydenlə görüşdən sonra nikbin görünürdü.
Ərdoğan ABŞ-ın yeni prezidenti ilə NATO-nun Brüsseldə sammiti çərçivəsində aparılan danışıqları "məhsuldar və səmimi" adlandırıb.
"ABŞ və Türkiyə arasında münasibətlərdə heç bir problemin olmadığına inanırıq və bizim üçün əməkdaşlıq sahələri problemlərdən daha zəngin və daha genişdir" - deyə, o bildirib.
Alyansda ikinci böyük orduya malik olan Türkiyənin Rusiyadan yer-hava tipli raketlər alması və Suriya və Liviyada müharibələrə müdaxilə etməsi müttəfiqlərin narahatlıqlarına səbəb olub. Türkiyə və Yunanıstan və Kipr arasında həmçinin Şərqi Aralıq dənizində ərazi mübahisəsi mövcuddur.
Prezident olaraq Baydenin Ərdoğana münasibəti sələfi Donald Trampdan daha soyuq kimi qiymətləndirilir. Baydenin 1915-ci ildə ermənilərin qətliamını soyqırım kimi tanıması rəsmi Ankara tərəfindən qəzəblə qarşılanıb. Bayden administrasiyası eləcə də Türkiyədə insan haqlarının durumu ilə bağlı tənqidlərini də gücləndirib.
Vaşinqton Ankaranı F-35 döyüş təyyarələri proqramından kənarlaşdırıb və Türkiyəyə qarşı Rusiyadan S-400 sistemləri alması ilə əlaqədar sanksiyalar tətbiq edib.
Ərdoğanın Türkiyənin NATO-da mərkəzi rolunu nümayiş etdirməyə ümid etdiyi sahələrdən biri də Əfqanıstanda təhükəsizliklə əlaqədardır. Ankara qarşıdan gələn həftələrdə ABŞ və NATO qüvvələrinin ölkədən çıxarılmasından sonra Kabil hava limanının mühafizəsi və istismarını davam etdirməyi təklif edib.