Accessibility links

ABŞ qüvvələrinin Suriyadan çıxarılma planı təsdiq edilib


Suriyadakı ABŞ qüvvələrinin uzun zamandır danışılan o ölkədən çıxarılma planı hazırdır. Lakin İŞİD qruplaşmasına qarşı mübarizə davam etdiyi bir müddətdə onların heç də hamısı Suriyadan çıxarılmayacaq.

Pentaqon sözçüsü 2 min nəfərlik qüvvənin çıxarılması üçün zaman cədvəlinin təsdiq edildiyini bildirib. Şon Robertson deyib ki, hazırda komandirlər planı həyata tətbiq etməyə başlayıb.

Türkiyənin Suriyada ABŞ əsgərləri ilə yanaşı döyüşən kürdlərə hücum etməsinə imkan verilməyəcək

Robertson Pentaqonun təhlükəsizlik baxımından təfərrüata varmayacağını deyib və bildirib ki, hava şəraiti də nəzərə alınmaqla, qüvvələrin geri qaytarılması bir sıra faktordan asılı olacaq.

Sözçü bununla bağlı vaxtaşırı məlumat veriləcəyini deyib.

Prezident Tramp isə medianın müdafiə naziri Cim Mattisin istefasına səbəb olan ABŞ qüvvələrinin Suriyadan çıxarılması qərarının necə işıqlandırıldığını tənqid edib.

"Bizim oğlan və qızlarımız, kişilərimiz geri qayıdır. Onlar indi geri qayıdır" - deyə, dekabrın 19-da Tramp Twitter-də yaydığı videoda bildirib.

O zaman administrasiya rəsmiləri qüvvələrin çıxarışının 30 gün sürəcəyini deyirdi. Lakin daha sonra tarix bir qədər geriə çəkilib.

Ötən cümə günü Dövlət Departamenti heç bir zaman cədvəlinin olmadığını bildirib.

ABŞ-ın milli təhlükəsiizlik məsələləri üzrə müşaviri Con Bolton Türkiyədə o ölkənin yüksək səlahiyyətli rəsmiləri ilə Tramp administrasiyasının kürd qüvvələrini hədəf almayacağından əminlik istəyini müzakirə edib.

Tükiyə isə kürd YPG qüvvələrinə qarşı hərbi əməliyyatların davam etdiriləcəyini elan edib. Rəsmi Ankara bu qüvvələrin PKK ilə əlaqəsinə inanır.

Milli təhlükəsizlik müşavirinin sözlərinə görə, Tramp deyib ki, o, Türkiyənin Suriyada ABŞ əsgərləri ilə yanaşı döyüşən kürdlərə hücum etməsinə imkan verməyəcək.

“Fikrimizcə, türklər bizimlə tam koordinasiya olunmayan, Birləşmiş Ştatlarla razılaşdırılmayan hərbi əməliyyat apara bilməz”, Bolton vurğulayıb.

Boltonun dediyinə görə, Birləşmiş Ştatlar Suriyadakı kürd müttəfiqlərdən xahiş edib ki, Türkiyəyə qarşı Rusiyadan, yaxud Suriya prezidenti Bəşar Əl-Əsəddən qoruma istəməsin.

Bolton qüvvələrin çıxarılmasının Suriyadakı vəziyyətdən asılı olduğunu desə də, Prezident Tramp ABŞ-ın Suriya və İŞİD-lə bağlı mövqeyinin dəyişməz olduğunu bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Boltonun ciddi səhvə yol verdiyini və Türkiyənin kürd döyüşçülərlə bağlı heç bir şərti qəbul etməyəcəyini bildirib. O, eyni zamanda Trampın Suriyadan çıxmaq qərarını alqışlayıb.

Ərdoğan YPG də daxil edilməklə, bütün terror qruplara qarşı mübarizənin davam etdiriləcəyinə vəd verib.

"Türkiyə təhlükəsizliyi və beynəlxalq ictimaiyyətin rifahı naminə öhdəliyinə sadiq qalacaq" - deyə, Ərdoğan əlavə edib.

XS
SM
MD
LG