Accessibility links

ABŞ qanunvericiləri gözlənilmədən Tayvan prezidenti ilə görüşüblər


ABŞ-ın beş qanunvericisi cümə günü səhər Tayvan Prezidenti Tsai İnq-ven ilə gözlənilməz bir günlük səfərdə ABŞ-ın özünüidarə edən adaya “möhkəm” dəstəyini bir daha təsdiqləmək üçün görüş keçirib.

ABŞ Nümayəndələr Palatasının hər iki partiyadan qanunvericilərindən ibarət qrup cümə axşamı gecəsi Tayvana gedib və Tsai də daxil olmaqla yüksək səviyyəli liderlərlə görüşməyi planlaşdırıblar. Bu barədə Tayvandakı Amerika İnstitutu adlı de-fakto səfirlik məlumat verib. Onların marşrutu ilə bağlı əlavə məlumat açıqlanmayıb.

Səfər Tayvan və Çin arasında gərginlik son onilliklərin ən yüksək səviyyəsinə yüksəldiyi vaxta təsadüf edir. Tayvan 1949-cu ildə vətəndaş müharibəsi zamanı iki tərəfin parçalanmasından bəri özünü idarə etsə də, Çin adanı öz ərazisinin bir hissəsi hesab edir.

"Dünən səfərimizlə bağlı xəbərlər çıxanda ofisim Çin Səfirliyindən mənə səfəri dayandırmağımı söyləyən açıq bir mesaj alıb" – deyə, Nümayəndə heyətində olan Elissa Slotkin Twitter-də yazıb:

Nümayəndələr Mark Takano, Kolin Olred, Sara Ceykobs, və Nensi Meys də səfər edən nümayəndə heyətinin bir hissəsidir.

"Biz bu həftə ona görə Tayvandayıq ki, birlikdə yaşadığımız iki çətin ildən sonra tərəfdaşlarımıza və müttəfiqlərimizə azad və təhlükəsiz Hind-Sakit Okean regionu ilə bağlı öhdəliyimiz və ortaq məsuliyyətimizin həmişəkindən daha güclü olaraq qaldığını göstərək" – deyə, Takano bildirib.

Takano əlavə edib ki, ABŞ-ın Tayvanla münasibətləri “möhkəmdir və aramızda olan əlaqələr dərinləşdikcə daha da möhkəmlənir”.

Taypeydəki Prezident Aparatında qanunvericiləri və AIT direktorunu salamlayan Tsai, adanın ABŞ ilə sıx əlaqələrini təkrar vurğulayaraq, iki tərəfin veteranların işləri, iqtisadi məsələlər və ticarət sahəsində əməkdaşlığını qeyd edib.

"Tayvan bizim ümumi azadlıq və demokratiya dəyərlərimizi qorumaq və regionda sülh və sabitliyi təmin etmək üçün Birləşmiş Ştatlar ilə əməkdaşlığı gücləndirməyə davam edəcək" – deyə, Tsai bildirib.

Bu səfər ABŞ qanunvericilərinin Tayvana etdiyi üçüncü səfərdir və Konqresin altı Respublikaçı üzvünün adaya səfərindən bir neçə həftə sonra baş verir. Həmin nümayəndə heyəti prezident Tsai, milli təhlükəsizlik idarəsinin baş katibi Vellinqton Ku, xarici işlər naziri Cozef Vu və başqaları ilə görüşüb.

İyun ayında Konqresin üç üzvü, adanın kifayət qədər vaksin almaq üçün mübarizə apardığı bir vaxtda çox ehtiyac duyulan peyvəndləri ianə etmək üçün Tayvana uçub.

Bayden administrasiyası həmçinin Tayvanı gələn ay keçiriləcək Demokratiya Sammitinə dəvət edib və bu, Çinin kəskin tənqidinə səbəb olub.

“ABŞ-ın etdikləri sübut edir ki, qondarma demokratiya onun üçün geosiyasi məqsədlərə nail olmaq, digər ölkələri sıxışdırmaq, dünyanı parçalamaq, öz maraqlarına xidmət etmək və hegemonluğunu saxlamaq üçün sadəcə bir bəhanə və alətdir" – deyə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Lihian çərşənbə günü deyib.

XS
SM
MD
LG