Accessibility links

Laura qasırğası saatda 240 km sürətlə Luiziana sahillərinə çatıb


ABŞ-ın Milli Qasırğa Mərkəzinin bildirdiyinə görə, Laura qasırğası Karib dənizi və Meksika körfəzində uzun müddət qaldıqdan sonra Luiziana ştatının cənub-şərqinə doğru irəliləyib.

Sinoptiklər Lauranın cümə axşamı səhər tezdən Çarlz gölündən təqribən 86 kilometr cənubda yerləşən, Luiziana ştatının Kameron şəhərinin sahilllərini vurduğunu bildirib. Milli Qasırğa Mərkəzi saatda 240 kilometr sürətlə əsən küləyin dağıdıcı gücünün qiymətləndirildiyi 5 kateqoriyanın 4-cü kateqoriyasında olduğunu bildirib. Daha sonra qasırğa sürətini azaldaraq, saatda 195 km sürətlə 3-cü kateqoriyaya enib.

Milli Qasırğa Mərkəzi Luiziananın bəzi bölgələrində də artıq güclü küləklərin, dağıntıların və daşqınların yaşandığını, Laura qasırğasının Çarlz gölünə və qonşu Texas ştatının Port Artur şəhərinə sürətlə yaxınlaşdığını deyib.

Qasırğa xəbərdarlığı Texas ştatının San Luis Pass və Luiziana ştatının İntrakoastal City arasındakı 446 kilometrlik ərazini əhatə edir.

Rəsmilər güclü yağışlar və şiddətli küləklərin gözlənildiyini deyir. Lakin ən böyük təhlükə ABŞ Milli Qasırğa Mərkəzinin "sarsıdıcı" olaraq xarakterizə etdiyi problem dalğaların 7 metr yüksəkliyə qalxması və bunun günlərlə davam edərək, şəhərləri suyun altında qoya, daşqınlara və elektrik enerjisinin kəsilməsinə səbəb ola bilməsidir.

Sinoptiklərin bildirdiyinə görə, Laura qasırğası cümə axşamı səhər Luiziananın cənub-qərb hissəsi boyu hərəkət edərək, gün ərzində ştatın şimalına doğru hərəkət edəcək.

Texas və Luiziananın sahil bölgələrində yaşayan yarım milyondan çox insana evlərini tərk ertmək barədə göstəriş verilib. Luiziana qubernatoru Con Bel Edvards və Texas qubernatoru Qreq Abbot ştatlarında fövqəladə vəziyyət elan edib.

XS
SM
MD
LG