Accessibility links

ABŞ Qazaxıstanda “xəbərdarlıq etmədən atəş açmaq” əmrini qınayıb


Almatı
Almatı

ABŞ Dövlət katibi Antoni Blinken Vaşinqtonun Qazaxıstan hakimiyyətindən daxili iğtişaşları yatırmaq üçün Rusiyanın dominant rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını nəyə görə cəlb etmək qərarına aydınlıq gətirməsini istədiyini bildirib. Blinken həmçinin bazar günü ABC tele kanalına müsahibə zamanı Qazaxıstan hakimiyyətinin “öldürmək üçün atəş açmaq” əmrini qınayıb.

“Öldürmək üçün atəş açmaq əmri, işlədiyi dərəcədə səhvdir və ləğv edilməlidir”, Blinken bildirib.

Qazaxıstan prezidenti Kasım Jomart Tokayev administrasiyası bazar günü bildirib ki, “ölkənin bütün regionlarında vəziyyət sabitləşib”. Bəyanat bir neçə gün davam edən iğtişaşlardan və təhlükəsizlik qüvvələrinə xəbərdarlıq etmədən etirazçıları öldürmək üçün atəş açmaq əmrinin verilməsindən sonra açıqlanıb.

Qazaxıstan prezident administrasiyası təhlükəsizlik qüvvələrinin bir həftə ərzində 5800 nəfəri saxladığını bildirib və əlavə edib ki, saxlanılanlar arasında “xeyli sayda əcnəbi var”.

Həmçinin hüquq-mühafizə orqanlarının 18 işçisinin öldüyü bildirilir.

Reuters xəbər agentliyi Qazaxıstanın Səhiyyə Nazirliyinə istinad edən Rusiyanın Sputnik agentliyinə istinadən bazar günü Qazaxıstanda son bir həftə ərzində baş verən iğtişaşlar nəticəsində ikisi uşaq olmaqla, ümumilikdə 164 nəfərin öldüyü haqda məlumat verib.

Nümayişlər bir həftə əvvəl yanacağın bahalaşmasına cavab olaraq başlayıb, lakin sonradan hökumətə qarşı daha geniş etirazlara çevrilib.

Nazirlik Qazaxıstanın ən böyük şəhəri olan və ən şiddətli toqquşmaların baş verdiyi Almatıda 103 nəfərin öldüyünü bildirib.

Bu arada, şənbə günü Rusiya qoşunlarının yeni bölmələri Almatı beynəlxalq hava limanına gəlib.

Tokayev çərşənbə günü ölkədə fövqəladə vəziyyət elan etdikdən və etirazların yatırılmasında kömək üçün Avrasiya hökumətlərarası hərbi ittifaqı olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etdikdən sonra əksəriyyəti Rusiyadan olan xarici hərbi qüvvələr Qazaxıstana gəlməyə başlayıb.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan qüvvələri daxildir.

Qazaxıstan prezidentinin internet saytında yerləşdirilən bəyanata əsasən, Tokayev şənbə günü Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti zamanı bildirib ki, görülən tədbirlərə baxmayaraq ölkənin bəzi bölgələrində “terror aktları ocaqları” hələ də qalmaqdadır.

Kreml şənbə günü ətraflı adlandırdığı söhbət zamanı Tokayevin Putinə iğtişaşlar barədə danışaraq vəziyyətin “sabitləşməyə doğru inkişaf etdiyini” qeyd etdiyini bildirib.

ABŞ Dövlət Departamenti cümə günü Almatıdakı konsulluqda Amerika hökumətinin fövqəladə əhəmiyyətli vəzifə yerinə yetirməyən işçilərinin və onların ailə üzlərinin könüllü şəkildə ölkəni tərk etməsinə icazə verib. Dövlət Departamenti xəbərdarlıq edib ki, Qazaxıstandakı vəziyyət ABŞ səfirliyinin Amerika vətəndaşlarının bu ölkəni tərk etməsinə köməklik etmək imkanlarına təsir göstərə bilər.

Dövlət katibi Antoni Blinken ABŞ-ın Qazaxıstanda fövqəladə vəziyyətin tətbiq edilməsindən “çox narahat” olduğunu deyib.

“Biz vəziyyəti narahatlıqla izləyirik və hamını sülh yolu ilə həll yolu tapmağa çağırırıq”, o bildirib.

NATO-nun baş katibi Yens Stoltenberq də cümə günü Qazaxıstanda zorakılıqlara son qoymağa çağırıb.

XS
SM
MD
LG