Accessibility links

ABŞ rəsmi olaraq qoşunlarını Əfqanıstandan çıxarmağa başladı


ABŞ və NATO şənbə günü son qoşunlarını Əfqanıstandan rəsmi olaraq çıxarmağa başlayıblar. Bu barədə Ağ Ev və ordu rəsmiləri xəbər verib. Bununla da ABŞ Amerikanın cəlb olunduğu ən uzun müharibəyə son qoyur.

ABŞ Prezidenti Co Bayden qoşunlarının mayın 1-də rəsmi olaraq geri çəkilməyə başlayacağını bildirsə də, ordu son bir neçə həftədir hərbi avadanlıqları ölkədən çıxarmağa başlayıb.

Əfqanıstanda 2500-3000 ABŞ əsgəri və təxminən 7000 NATO əsgəri var. Onların ən sonuncusu ölkəni yayın sonunda tərk edəcək.

Əfqanıstanın təhlükəsizlik qüvvələri qoşunların ölkəni tərk etməsi ilə cəsarətlənən Talibanın əfqan qoşunlarına hücum etmək ehtimalına qarşı hazırlıq edirlər. Bununla həm də ölkə yeni qeyri-müəyyənlik dövrünə qədəm qoyur.

ABŞ və NATO qüvvələri Əfqanıstana 2001-ci ilin oktyabrın 7-də ABŞ-da 11 sentyabr hücumlarını həyata keçirən və Əfqanıstanın Taliban liderləri tərəfindən müdafiə olunan əl-Qaidə üzvlərini tapmaq məqsədilə daxil olublar.

Bundan iki ay sonra Əl-Qaidə lideri Üsamə bin Laden və onun döyüşçüləri firar edib. O, daha sonra 2011-ci ildə ABŞ-ın xüsusi təyinatlı qüvvələri tərəfindən qonşu Pakistanda öldürülüb.

Braun Universitetinin Müharibənin Maliyyəti layihəsinin məlumatına görə, 20 il davam edən müharibədə 47240-dan çox əfqanıstanlı mülki vətəndaş, habelə 66,000 ilə 69,000 arası Əfqanıstan qoşunu həlak olub.

ABŞ-ın Müdafiə Nazirliyinin məlumatına görə, müharibə nəticəsində təxminən 2442 ABŞ qoşunu, habelə 3800-ə yaxın özəl təhlükəsizlik podratçısı öldürülüb.

Bundan əlavə Əfqanıstanda 1140-dan çox NATO qoşunu həyatını itirib.

Müharibənin Maliyyəti layihəsinin bildirdiyinə görə, ABŞ-ın Əfqanıstanda müharibəyə 2 trilyon dollardan çox pul xərclədiyi təxmin edilir.

Şərhlərə bax

XS
SM
MD
LG