Accessibility links

ABŞ rəsmisi: İranlı Olimpiyaçının Amerikadan sığınacaq istəməsi məlum deyil


Kimya Əlizadə

ABŞ rəsmisi qadınların İranda kütləvi etiraz nümayişlərinin hərəkətverici qüvvəsi olduğunu bildirib və Birləşmiş Ştatlar hökumətinin İranın Olimpiya medalçısı Kimya Əlizadənin ABŞ-da sığınacaq almaq istəməsi haqda məlumata malik olmadığını deyib.

İranın yeganə qadın Olimpiya medalçısı olan Kimya Əlizadə keçən həftə sosial mediada İranın idmançılardan siyasi məqsədlərlə istifadə edən sistemini qınayaraq, ölkəni daimi olaraq tərk etdiyini bildirib.

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Kuk Amerikanın Səsinin “Kimya Əlizadə Birləşmiş Ştatlardan sığınacaq istəsə, ABŞ-ın onu qəbul edib-etməyəcəyi” haqda sualının cavabında bildirib ki, o, idmançının sığınacaq istəməsi haqda məlumata malik deyil.

“Rejim əleyhinə etirazların əsas gücü və enerjisi İran qadınlarından gəlir”, Brayan Huk bildirib. “Daha çox iranlı qadın rejimin onlara etdiyi zülmdən qurtulmaq istəyərdi” – deyə, ABŞ rəsmisi əlavə edib.

Kimya Əlizadənin İranı daimi tərk etməsini elan etməsi İranda şok kimi qarşılanıb.

Mediada verilən məlumatlara əsasən, İranlı siyasətçi Əbdülkərim Hüseynzadə “səriştəsiz rəsmiləri” İranın “insan kapitalının ölkədən getməsinə” imkan verməkdə ittiham edib.

İranın İdman naziri Mahin Fərhadizadə İSNA xəbər agentliyinə Kimya Əlizadənin ölkəni psixoterapiya sahəsində təhsilini davam etdirmək üçün tərk etdiyini deyib.

Rusiyada qadınlar arasında keçirilən dünya çempionatında iştirak edən İranın şahmat üzrə beynəlxalq hakimi Şöhrə Bayat cümə günü Reuters agentliyinə öz təhlükəsizliyi ilə əlaqədar qorxulara görə vətənə dönmək istəmədiyini bildirib. Şöhrə Bayat qadınlar arasında turnirdə hakimlik edərkən İslam geyim qaydalarını pozmaqda ittiham edilib.

İranın şahmat üzrə beynəlxalq hakimi Şöhrə Bayat Rusiyada qadınlar arasında keçirilən dünya çempionatında hakimlik edir, 16 yanvar, 2020.
İranın şahmat üzrə beynəlxalq hakimi Şöhrə Bayat Rusiyada qadınlar arasında keçirilən dünya çempionatında hakimlik edir, 16 yanvar, 2020.

İranda keçən həftə ABŞ və İran arasında gərginliyin daha da artdığı fonda etirazlar başlayıb. Yanvarın 3-də ABŞ-ın İranın yüksək rütbəli generalı Qasım Süleymanini İraqda Bağdad aeroportunda öldürməsinə cavab olaraq İran İraqda ABŞ hərbi qüvvələrinin qərargahlandığı hərbi bazaya raket zərbələri endirib. Bundan sonra sərnişinlərinin çoxu iranlılarından ibarət olan Ukrayna hava yollarına məxsus Boeing təyyarəsinin Tehrandan havaya qalxandan bir qədər sonra bütün 176 sərnişin və ekipaj üzvlərinin ölümülə nəticələnən qəzaya uğrayıb . Rəsmi Tehranın üç gün sonra İran hərbi qüvvələrinin təyyarəni səhvən vurduğunu etiraf etməsi iranlılar tərəfindən qəzəblə qarşılanıb və Tehran və İranın digər şəhələrində etiraz nümayişlərinə səbəb olub.

21 yaşlı Kimya Əlizadə 2016-cı ildə Rio de Janeyroda keçirilən Olimpiya Oyunlarında taekvando üzrə yarışlarda bürünc medala layiq görülüb. O, mesajı haradan yazdığını açıqlamayıb, lakin bundan öncə Niderlandda məskunlaşmaq istədiyini bildirib.

“Mən İranda milyonlarla məzlum qadından biriyəm. Onlar mənə nə deyiblərsə, onu geymişəm. Mənə nə söyləyiblərsə, onu təkrar etmişəm. Biz yalnız alətlərik. Onları yalnız bizim medallarımız maraqlandırır, çünki bunlardan siyasi məqsədlərlə istifadə etmək olar”, Kimya Əlizadə Instagram səhifəsində yazıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortagus Twitter səhifəsində Kimiya Əlizadənin atdığı addıma münasibət bildirib.

“İranın yeganə qadın Olimpiya medalçısı rejimin qadınlara qarşı basqılarını rədd edib. O, təhlükəsiz, xoşbəxt və azad həyat naminə ölkədən gedib. İran onların imkanlarını genişləndirməyi və dəstəkləməyi öyrənməyənə qədər, daha çox güclü qadınları itirəcək”, Morqan Ortaqus yazıb.

XS
SM
MD
LG