Birləşmiş Ştatların Venesueladakı iqtisadi və siyasi böhranın ünvanlanması üçün heç bir hərbi müdaxilə planı yoxdur. Bu haqda ABŞ prezidenti Donald Trampın Latın Amerikasında hərbi əməliyyatlara rəhbərlik etmək üçün irəli sürdüyü namizəd, hərbi dəniz qüvvələrinin admiralı Kreq Faller bildirib.
ABŞ-ın Cənub Komandanlığının rəhbəri vəzifəsinə nominasiya edilmiş admiral Faller vəzifəyə təsdiq olunmaq üçün Senatın Silahlı Qüvvələr komitəsində dinləmə zamanı sualları cavablandırıb. Suallardan biri Trampın özü, ya da administrasiyada yüksək səviyyəli başqa rəsmilər tərəfindən hərbi əməliyyatlara dair təkliflərin olub-olmadığı haqda olub.
“Biz döyüş komandanlığının gözlənilməyən hallara hazırlıq məqsəsilə görəcəyi adi işlərdən başqa heç bir şey planlaşdırmırıq”-deyə, admiral Kreq Faller bildirib.
Venesuela Nyu York Tayms qəzetində Tramp administrasiyasının keçən il ərzində Venesuela prezidenti Nikolas Maduronu hakimiyətdən devirmək planlarını müzakirə etmək üçün üsyançı hərbi zabitlərlə gizli görüş keçirdiyinə dair məqalədən sonra Birləşmiş Ştatları hərbi müdaxiləyə çalışmaqda və hərbi sui-qəsd planlarını dəstəkləməkdə ittiham edib.
Admiral Kreq Faller Senatda keçirilən dinləmədə hərbi qüvvələrin Venesuelanın qonşuları olan Kolumbiya, Ekvador və Peruya dəstək planlarından danışıb. Venesuelada iqtisadi böhranla əlaqədar olaraq çox sayda insan bu ölkələrə üz tutur. ABŞ hərbi qüvvələrinin bu ölkələrə dəstək planlarına Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin hərbi hospital gəmisinin göndərilməsi də daxildir.